Nəhəcir qalası və mineral suyu, müasir yurd yeri

A- A A+

Təkrarsız və bənzərsiz payız. Bu, mənim subyektiv fikrimdir: Payızı ən çox kəndlərimizdə duymaq, yaşamaq olar. Ruha sakitlik, duyğularımıza zövq verən qızıl payız təbiətin bir möcüzəsidir. İnsan payızın yaratdığı mənzərələrdən doymur. Məncə insanlar bu fəsildə yaşadıqları yeri daha çox sevir, payız rəssamın, şairin yaradıcılıq mənbəyinə çevrilir, həvəskar fotoqrafın fotoaparatında ölümsüzləşir. Xalq şairi Nəbi Xəzrinin misralarında deyildiyi kimi:  

Həyat axar-baxarlıdır,
Ağ cığırlar çıxır yola.
Gör təbiət nə varlıdır,
Qızıl səpir sağa, sola.

Təbiətin sağa, sola qızıl səpdiyi bu günlərdə yolumuzu Babək rayonunun Nəhəcir kəndindən salmışdıq. Yaxın qohumlarımın bu kənddə yaşaması, xüsusən, yaz və yay aylarında kəndin təbiəti köçəri arıçılıq üçün əlverişli olduğu üçün təsərrüfat işlərimizlə bağlı tez-tez Nəhəcirdə oluram. Amma bu dəfə kəndə təbiətin bir az “küskün” vaxtı yollanmışdım. Ətraf aləm saralıb-solsa da, yenə də ara-sıra ağaclarda heyva, payız alması gözə dəyir. Dağ kəndlərində bu meyvələr adətən oktyabr-noyabr aylarında yığılır. İndi bu ağacların üstündə dayanmaqda çətinlik çəkən yarpaqlar da titrəkdir, gücsüzdür. Səhərin erkən çağlarından kəndi bürüyən duman sanki, qala müdafiəçiləri kimi Nəhəcirin keşiyini çəkir. Amma çox keçmir ki, səma aydınlaşır. 

Kəndin icra nümayəndəsi Şamxal Ələkbərov bizi bu yerlərə xas olan əsl qonaqpərvərliklə qarşılayır. Deyir uzaq yoldan gəlmisiniz, çay süfrəsinə düzdüyü halal nemətlərdən nuş etməyimizi xahiş edir. Süfrəyə baxıram, ətirli payız alması, şəfalı heyva, Nəhəcirin dillər əzbəri olan cəviz mürəbbəsi, balı kəklikotu çayı ilə  birləşəndə adamın geri qayıtmağı gəlmir. Payızın həzin soyuğunda çay süfrəsi lap yerinə düşür. Bu görüşü fürsət bilib Nəhəcir kəndini Şamxal müəllimdən ətraflı öyrənirəm. Şamxal müəllim deyir ki, “Gözümüzü açıb böyüklərimizdən eşitmişik ki, “Nəhəcir” sözü “nuh” və “cır” sözündən ibarətdir, yəni, “Nuhun yamacı” mənasındadır. Bəzi tədqiqatçıların da gəldiyi qənaət budur ki, kəndimizin adı Nuh peyğəmbərin adı ilə səsləşir. Kəndin ərazisində qədim insan məskəni, qədim qəbiristanlıq və bu qəbiristanlıqda daşdan təbii qoç fiqurları aşkar edilib. Nəhəcir dağının coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərində Nəhəcir qalası da yerləşir.

Uca Yaradan Nəhəcirə qədim tarixlə yanaşı, mineral sərvət də bəxş edib. Kənddən 2-3 kilometr cənubda, dağın ətəyində yerləşən Nəhəcir mineral suyu təxminən 50 dəqiqədən bir yerin altından qaynayıb fontan şəklində yuxarı qalxır. Bu mineral suyun əsas özəlliyi onun müalicəvi əhəmiyyətindədir. İstifadə edib xeyrini görənlər deyir ki, Nəhəcir mineral suyu mədə-bağırsaq xəstəlikləri, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə faydalı olur. Düşünürəm ki, gələcəkdə Nəhəcir suyunun faydalarını düzgün təbliğ edə bilsək, bu, kəndimizin turizm potensialını da artırar və əlavə qazanc gətirər. Yay aylarında Nəhəcir suyunu görmək, istifadə üçün qohum-qardaşına pay tutan saysız qonaqlar gəlir.

Kənd barədə kiçik bir arayışı da oxucularınızın diqqətinə çatdırım. Bilənlər bilir ki, əvvəllər Culfa rayonunun inzibati ərazi bölgüsündə olan Nəhəcir son illər Babək rayonunun kəndləri sırasına daxil edilib. Bu xəbəri eşidəndə ən çox sevinəndə elə nəhəcirlilər oldu. Nə yalan deyim, illər boyu hər hansı bir sənəd üçün yolu uzaq olan rayon mərkəzi Culfa şəhərinə yollanırdıq. Həmin işi həll edib kəndə qayıdanda artıq günün sonu olurdu. Amma indi bu qayğılardan azad olmuşuq. Təşəbbüskarlar sağ olsun.

Əynimizi qalın edib bu kiçik kəndi dörd dolanırıq. Rahat yol bizi boy sırasınca düzülən yeni tikililərə doğru gətirib çıxarır. Kəndin müasir mənzərəsi ilə tanış olan zaman düşünürsən ki, Nəhəcir balaca olsa da, inkişaf istiqamətində böyük addımlar atıb. Əvvəllər bu kənddə orta məktəb olmayıb. Dördüncü sinfi bitirəndən sonra təhsilini davam etdirmək arzusunda olanlar 8-9 kilometr aralıda yerləşən Qahab və başqa kəndlərə yollanarmışlar. Təəccüblü gəlməsin. Söhbət Sovetlər Birliyi kimi bir imperiya dövründən gedir və o imperiya üçün Naxçıvanın hansısa ucqar dağ kəndində məktəb tikmək, yol salmaq heç də maraq dairəsində deyildi. Sözün həqiqi mənasında digər kəndlər kimi, Nəhəcir də unudulmuş, taleyin acı hökmü ilə üz-üzə buraxılmışdı.

Yuxarıda qeyd etdiyim kimi, bu kəndə yolum tez-tez düşür. Uşaq ağlı ilə Nəhəcir məktəbinin binasını da (əgər buna bina demək mümkün idisə..) yaxşı xatırlayıram. Bir korpusdan ibarət olan məktəbdə tədris üçün yararlı olan uzağı 3 sinif otağı olardı. Amma bu gün Nəhəcir məktəbi barədə hər bir müəllimin, valideynin, şagirdin, bura yolu düşən qonağın, jurnalistin deməyə sözü var. Direktor Validə Novruzova deyir ki, Nəhəcir yeddi il bundan öncə qədim diyarın abadlaşan ən ucqar dağ kəndlərindəndir. Hələ o vaxt bəziləri düşünürdü ki, aran kəndləri qala-qala niyə birdən-birə dağ kəndində quruculuq işləri aparılır?.. Bunun bir cavabı var: muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Naxçıvandakı inkişaf, yeniləşmə, müasirləşmə kənddən şəhərə doğru aparılır. İndi kollektivimizlə çiyin-çiyinə verib çalışdığımız məktəb də müasir tədris imkanlarına malikdir. Bu il məzun olacaq beş şagirddən gözləntilərimiz yüksəkdir.

“Nəhəcir dağ kəndi olduğundan burada dəmyə əkinçiliyinə daha çox üstünlük veririk. Hər il orta hesabla kəndimizdə 350 hektardan çox sahədə şum qaldırılır. Bu o deməkdir ki, bu il də bir o qədər sahədə “sarı kəhrəba” boy atacaq”, – deyən kənd sakini Rizvan Abbasov bildirir ki, dövlət taxıl əkən hər bir torpaq mülkiyyətçisinə dəstək verir, subsidiya ayırır, texnika sarıdan köməklik edir. Kəndimizdə də son illər bir neçə nəfər güzəştli şərtlərlə texnika alıb.    Payız ruhu Nəhəcirə hakim kəsilib, başqa sözlə kənd payıza “təslim olub”. Bütün bunların fonunda isə insanların əli hələ də işdən soyumayıb və həyat isə öz axarındadır. Qarşıdan qış gəlir.. İndi nəhəcirlilər qış qayğıları yox, qış arzuları ilə yaşayırlar. 

Muxtar RZAZADƏ
“Şərqin səhəri”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: