Ağbulaq kəndi bir ailənin təəssüratlarında

A- A A+

Ağbulaq bütün fəsillərdə ayrı-ayrı gözəlliyə qərq olur. Bu diyarın uca dağları, yaşıllıq aləmi, təmiz havası, mənzərəli yerləri istirahət arzusunda olanları onun “qoynunda” dincəlməyə səsləyir. Füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri çox zəngindir. Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay fəslində, hətta payızda və soyuq qış aylarında da turistlərin diqqətini cəlb edir. Buraya gələn qonaqların bir çoxu yerli mədəniyyətlə tanış olmaq, digərləri kəndin füsunkar təbiəti ilə təmasda olmaq, həmçinin zəngin milli mətbəx təamlarından dadmaq, öz dostlarından və yaxınlarından Ağbulaq barəsində eşitdikləri ən xoş duyğuları yaşamaq və təsdiqləmək üçün bu gözəl məkana gəlməyə can atırlar. Ona görə də qayaların sinəsində qərar tutan Ağbulaq kəndinin qonaqsız günü olmur. Bu günlərdə istirahət üçün dağ kəndinə üz tutan bir ailəylə həmsöhbət olub, onların təəssüratlarını öyrəndik.  Bakı şəhərindən qonaq gələn Elçin Vəliyev deyir ki, paytaxtda yaşasam da, doğma diyara yolum tez-tez düşür. Bu il Ağbulağa gəlişimizin əsas səbəbi Almaniyada yaşayan qızım və ailəsi idi. Onlar sosial şəbəkələrdə Naxçıvanla bağlı yayımlanan fotoları, videoçarxları maraqla izləyirlər və öz sosial şəbəkə hesablarında da paylaşımlar edirlər. Və bu paylaşımların rəy bölməsində “Naxçıvanda olmağı çox istəyirik”, “Səni sevirik Naxçıvan”, “Bizim gözəl diyarımız, sənə qovuşmağa tələsirik” və sair fikirlər bildirirdilər. Hər dəfə onlarla telefon danışıqlarımızda deyirdilər ki, vətənə gəlsək, ilk gedib görəcəyimiz yer Naxçıvan olacaq. Onlar sözlərini tutdular. Ağbulaq doğurdan da çox gözəl istirahət eləməli yerdir. 

Ağbulağa istirahətə gələn Səfər Əbilov isə Almaniyada yaşayır. Deyir ki, qədim diyarı görmək ən böyük arzularımdan olub. Mən bu diyarın gözəlliklərini, sadəcə virtual aləmdə izləyirdim. Fotolarda, videoçarxlarda o qədər gözəl vəsf olunurdu ki, öz-özümə dedim ki, Naxçıvanı mütləq  gedib görməliyəm. Gəldik,  ancaq gözəllik, təmizlik, səliqə-sahman, istiqanlı, mehriban insanlar gördük. Buradakı tarixi abidələri ziyarət etdim. Əshabu-Kəhfə getdim. Əlincəqalanı gördüm. Təbiət incisi Batabata yollandıq. Yolboyu salınan yaşıllıqları görəndə Şahbuz mənə haradasa yaşadığımız Varendorf şəhərini xatırlatdı.

Səfər Əbilovun həyat yoldaşı Aytəkin Əbilova da Ağbulaqda keçirdiyi vaxtdan razı qalmışdı. Aytəkin Şahbuz rayonunda anadan olub. Atasının işi ilə bağlı Bakı şəhərinə köçüb, orada yaşayıblar. Amma Naxçıvana və Şahbuza yolu tez-tez düşüb. İmkanım olsaydı, yaşayış yeri kimi də buranı seçərdim, deyir qonağımız. Uşaqlığımın ən gözəl çağları doğma diyarımda keçib. Ailə həyatı qurduqdan sonra isə Almaniyada yaşamağa başladım. Ancaq yurdum üçün hər zaman darıxmışam. Bu günlərdə ailəmlə birgə yolumuzun boya-başa çatdığım rayona düşməsi məni hədsiz sevindirdi. Səfərimiz çərçivəsində Ağbulaq kəndində də olduq. Burada üç gün mənalı istirahət keçirdik. Kəndin təmiz havasında gəzib-dolanmaq, təbiəti seyr etmək, diş göynədən bulaqların suyundan içmək, kənd camaatı ilə həmsöhbət olmaq yaddaşımda silinməz izlər saldı.

Ailənin digər bir üzvü Vəfa xanımın da maraqlı fikirlərini öyrəndik: Mənim əzizlərim Naxçıvanda-Şahbuzda yaşayır. Ona görə də bura istədiyim zaman gəlirəm. Hər gəlişimdə yeniliklərlə qarşılaşıram. Mən ötən il buraya gələndə şəhərin mərkəzində tikinti-quruculuq işləri gedirdi. İndi baxıram ki, qısa zamanda nə qədər iş görülüb. Mədəniyyət sarayı, Aviakassa binası istifadəyə verilib, yaşayış binası inşa olunur. Eynilə Ağbulaq kəndində də evlərin abadlaşdırılması istiqamətində işlərə başlanılmışdı. Bu gün mən, doğrudan da, gördüyüm gözəlliklər qarşısında donub qalmışam. O gördüyüm köhnə dam örtüklü evlərdən əsər-əlamət qalmayıb. Dam örtükləri yenidən vurulub, həyətlər abadlaşıb, səliqə-sahman yaradılıb. Kənddə Xizək Mərkəzinin yaradılması üçün işlər görülür. Asudə vaxtın mənalı təşkili üçün Ağbulaq İstirahət Mərkəzində hər bir şərait yaradılıb. Mərkəzdə milli mətbəximizə xas olan yeməklər bişirilir. Turşusundan, mürəbbəsindən tutmuş, kompotlarına kimi nə varsa, hamısı kəndin ekoloji saf məhsullarından hazırlanır. Buna görə də yediyimiz təamların ləzzətinə söz ola bilməzdi. Ümumiyyətlə, bura gəlməkdən çox məmnunam. İstirahət üçün burada imkanlar çox genişdir. Kəndin adamları mehriban və qonaqpərvərdirlər. Xidmət mədəniyyəti çox yüksəkdir.

Qonaqlarımız yurdumuzun ən ucqar dağ kəndlərində yaradılan şərait, gözoxşayan gözəlliklər üçün muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, hər zaman olduğu kimi, bu dəfəki gəlişimizdə də buradan aldığımız xoş təəssüratlarla geri dönürük. Lakin sağollaşmırıq, hələlik deyib, ayrılırıq.  


Hicran Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: