“Ömürdən qalan izlər”ə baxanda

A- A A+

Həm özünü sevimli müəllim, həm də gözəl, oxunaqlı əsərlər müəllifi kimi tanıdan Əbülfəz Muxtaroğlunu, demək olar, ədəbi mühitdə tanımayan yoxdur. Öz imzasını çoxdan oxucular arasında “baqi” edən istedadlı şair Əbülfəz Muxtaroğlu ədəbi yaddaşın könlündə möhtəşəm bir taxt qurub. Səksən yaşlı həmişəcavan şairin “Bir möhürbənd bəsimdir” (Şeirlər. Bakı, 1997) arzusundan yol alan bədii yaradıcılıq yolu “İkinci görüş”lə (Şeirlər. Bakı, 2003) davam edərək “Zorbulağın zümzüməsi”ndən (Almanax. Bakı, 2003) güc alaraq “El məhəbbəti”nə (Ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər. Bakı, 2010) dönüşərək bir “Ömür yolu” (Bakı, 2014) ilə davam etmişdir. Əbülfəz Muxtaroğlu həm də tanınan bir elm adamıdır. “Azərbaycan dilinin Şahbuz şivəsinin leksikası” (Bakı, 2013) monoqrafiyası və onlarca məqalələrilə Əbülfəz Muxtaroğlu elmi ictimaiyyət arasında çoxdan tanınan hünərvər bir alimdir. Bu sevilən şairin oxuculara ömrünün ağsaqqal vaxtında bir yadigar olaraq buraxdığı “Ömürdən qalan izlər” (Bakı, 2018) kitabı da böyük maraqla qarşılanıb. 

“Ömürdən qalan izlər” kitabı şeirlərdən, şair və alim Ə.Muxtaroğlunun müxtəlif yazılarından, eləcə də onun haqqında yazılanlardan ibarət qiymətli bir əsər, mənbədir. Kitaba ön sözünü şairin müəllim dostu, görkəmli elm adamı akademik İsa Həbibbəyli yazıb. Kitabın elmi redaktoru qiymətli alim filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur. 

Kitaba şairin öz dəsti-xəttilə seçilən köhnə və yeni şeirləri daxil edilib. Çox maraqlı və diqqətəlayiqdir ki, “Azərbaycan” şeiri şairin böyük yaradıcılıq yolunun ümumiləşdirildiyi bu kitabda külliyyatının (belə demək olarsa – R.Q.) “fatihə”sini və yaradıcılıq yolunun “kəlmeyi-şəhadətini” təşkil edir:

Bir qulaq ver Ana Vətən,
Ürəyimdən gələn səsə.
Duymamışam, duymayacam
Qızılgülün xoş ətrini.
Əllərimlə əkilməsə.
Uymamışam, uymayacam
Nə şöhrətə, nə də ada,
Yaşamaram bu dünyada...

Yeri gəlsə keçərəm mən
Hər arzumdan, diləyimdən.
Əgər qanım azlıq etsə,
Qan verərəm ürəyimdən.
Yaşayıram bu ürəklə
Sağında mən, solunda mən.
Yeri gəlsə yolunda mən
Bu ürəkdən keçmək üçün.

Şair və alim Əbülfəz Muxtaroğlu bu şeirilə özünün vətəni təmənnasız sevən vətəndaş olduğunu elan edir. Şairin həmyerlisi və ustadı Xalq şairi Məmməd Arazın “Heç bir mükafatın yetmədi mənə, Bircə sağolun da bəsimdi, vətən” dediyi kimi...    

Bu əsərin ardınca şairin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdiyi şeirləri – “Səni təbrik eləyir”, “Səni gözləyir” əsərləri gəlməklə vətən konsepsiyasını tamamlayır; Vətənlə adı qoşa çəkilən mühüm sütununa – onun xilaskarı, qurucusu və unudulmaz lideri Heydər Əliyevə məhəbbəti və bağlılığını ifadə edir:

Vətən hər kişiyə ana qucağı,
Əzizdir hər kəsə ata ocağı.
Bayram həvəsində bu bahar çağı
Naxçıvan diyarı gözləyir Səni.

Haqqında bəhs olunan kitab bir neçə bölmədən ibarətdir. Burada “Dosta dost sözü var, düşmənə düşmən”, “Dağları harayla, çayları səslə”, “Tarix yaşar misralarda, Tarixləşər misralar da”, “Bir ömürdən qalan izlər”, “Gül tikansz bitməyib”, “Gül balalar küsər məndən” kimi adlar altında verilmiş bölmələrdə şairin müxtəlif səpkili şeirləri toplanmışdır. “Dostların gözü ilə” adlı bölmə daxilində şairin haqqında bəhs etmiş müxtəlif peşə, sənət adamlarının, eləcə də şairin dostlarının onun haqqındakı məqalələri yer alıb. “Rəylər, düşüncələr” bəhsində alim və şairin müxtəlif adamlar, məsələlər haqda yazdığı məqalələri toplanıb. Kitabda alim və şairin özü, müxtəlif əsərləri, yaradıcılıq yolu haqda müxtəlif vaxtlarda çap edilmiş yazılar da təqdim edilib. “Müasirlərinin gözü ilə” bölməsində məhz alim-şairi və onun yaradıcılığını səciyyələndirən əsərlər oxuculara təqdim olunub. 

Oxucuları üçün unudulmaz bir yadigar olaraq qalacaq bu kitabı bütövlükdə ədəbiyyatsevərlər üçün qiymətli bir mənbə hesab etmək olar. Burada elmlə publisistika, şeriyyətlə düşüncələr birləşib, bir ömrün izlərinə çevrilib. Bu izlər həm də bir ömür – bir insan haqqında yadigardır, son söz olmasa da, yadigar sözdür. “Elm və təhsil” nəşriyyatının çap etdiyi bu kitabı şair, alim, müəllim, dost və b. Əbülfəz Muxtaroğlundan bir həyat salnaməsi olaraq qəbul etmək olar. Kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəylinin yazdığı kimi: “Əbülfəz Muxtaroğlu səksən yaşın astanasında təqaüdçü yaradıcı ziyalı olaraq ədəbiyyat sevdalısı kimi bu gün də böyük həvəslə yazıb-yaratmaqda davam etməkdədir. Poeziyada dağ çayı kimi gurlamağı yox, bulaq kimi gözündən qaynamağı üstün tutan Əbülfəz Muxtaroğlunun şeriyyəti insanlara təmiz Vətən sevgisi, dəyanət, ləyaqət, məhəbbət hisləri aşılayır. Belə nəcib əxlaqi-mənəvi keyfiyyətlərə isə insanlığın həmişə ehtiyacı vardır”. 

Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: