Palçığa batan gödəkçə  

A- A A+

İl 1998. Yenə fəsillərdən qışdı. Şaxtalı bir dekabr səhəri, anam məni oyadır ki,  məktəbə gedim.  Cəmi bir otaqdan ibarət olan evimizdə axşamdan sönmüş sobanın istiliyinin izi çoxdan yoxa çıxıb. 

O gündə öncəki günlərdəki kimi, təbiətin nizamın pozaraq kəsib gətirdiyimiz ağaclardan bir parçanı anam sobaya yerləşdirməyə çalışır.

O vaxt müstəqilliyimizin 7, mənimsə 8 yaşım vardı.

Naxçıvanın sosial problemlərlə üzü-üzə, biçarə qaldığı vaxtlar. Təbii qazın, elektrikin Naxçıvanın kəndlərinə yad bir anlayış olduğu zamanlar...

Uşaq dünyam bir arzudan iki əlli yapışıb. “Dərslərimi yaxşı oxuyub, ali təhsil almalıyam!”

Fikirləşirdim ki, elə o səhər, bizdən çox uzaqlarda, dünyanın hansısa bir bucağında-dünyanın inkişaf etdiyi şəhərlərində uşaqlar isti yataqlarında gözlərini nurlu sabaha açıb dərsə getməyə hazırlaşırdı. 

Mənsə adətim üzrə o sabah da həvəssiz, buz kəsmiş həmin otaqda anamın ocaqda qaynatdığı çaydan içib məktəbin yolunu tuturam. 

Ev tapşırıqlarını hazırlamadan məktəbə getdiyimi xatırlamıram, ancaq etiraf edim ki, elə o soyuq və qarlı sabahlarda qapısını açdığımız o soyuq otaq elə evimiz kimi idi- yarıqaranlıq və nəmli. Mən isə  o məktəbə getməyi heç istəmirdim. 

Bir uşaqlıq xatirəsi: Təzə gödəkcəmi geyinib, bir az da uşaq ədabazlığı ilə məktəbə üz tutanda bir avtomobilin təkərindən çıxan qarla qarışıq sulu palçıq başımdan ayağıma kimi islatmışdı məni. Həmin soyuq otağın, şəraitsizliyin sıxıntısı yox, məhz o təzə gödəkcəni uşaqlara göstərə bilmədiyim üzmüşdü məni. Eləcə ağlaya-ağlaya evə qayıtmışdım. 

Palçıqlı və təmirsiz yollar elə o qış səhərinin “qəhrəmanı” idi.

Bu gün uşaqların isti evlərdə, yaxşı şəraitdə, vahid formada, normal isti geyimlərdə və işıqlı, geniş, tam şəraitli sinif otaqlarında yüksək səviyyədə təhsil almaları hamıdan çox sevindirir məni. O məktəbə rahat, asfalt yolla gedən uşaqlara bir az da həsədlə baxıram. Hər dəfə o gödəkçəm yadıma düşür. Bunları yazmaq isə vicdanımın səsi, hər şeydən öncə vətəndaş mövqeyimdir. 

O dövrdən 20 il keçir. Bu gün ən ucqar dağ kəndinə yol çəkilib, müasir infrastruktur qurulub. Muxtar respublika 100 faiz qazlaşdırılıb, kəsintisiz elektriklə təmin olunub. Ən ucqar kənd evlərinə kimi, geniş zolaqlı internet çəkilib. Bu gün muxtar diyar enerji daşıyıcıları baxımdan istehlakçıdan ixracatçıya çevrilib. 

Elm, təhsil, mədəniyyət və xidmət sektorunda insan amili daim ön plandadır. Artıq 10 ildir ki, muxtar respublikanın xarici ticarət dövriyyəsi müsbət saldo ilə işləyir. Xarici ticarətin həcmi və əhatə dairəsi hər ötən dövrdə daha da artır. Sadalamadığım onlarca istiqamətdə makroiqtisadi göstəricilər öz sözünü deyir. Amma... 

Görülən işlərə isə “qara eynəklə” baxıb kölgə salmaq istəyənlər də tapılır. Çoxdan yola çıxan karvanın keçib getməsi kimlərisə “danışıdırır”. Doğma diyara bu ögey baxış onların qaranlıq xislətlərinin carçısıdır. Bir baltaya sap ola bilməyənlərin bacardıqları elə baltalamaqdır, öz içimizdən, öz əlimizlə. Düşmən dəyirmanına su tökmək Vətənin bir parçası Naxçıvana dönüklük, yurda xəyanətdir. Vətəndaşlıq, milli birlik, özünüdərk hisslərindən uzaq yaşayanları tək bildikləridə elə budu- “yalan danışmaq, həqiqəti danmaq...”

Yuxarıda 8 yaşlı uşağın yaddaşında yer alan 20 il öncəki  hadisələri xatırlatdım. Ona görə ki, məni tanıyanlar bilir ki, mən vətənimə, dövlətimə, millətimə və yaşadığım Naxçıvana necə bağlıyam. Bu yurdun çiçəklənən, inkişaf edən hər qarışı hamı kimi  məni də sevindirir. Biz dünəni yaşadıq, bu günə şahidik. Bugünkü inkişaf edib, yenilənən Naxçıvanı görməmək isə ən azı əqidə korluğudur.

Mən isə onlara “gəlin” deyirəm... 

Əvvəlcə bu qədim və müasir Oğuz-türk elinə  gəlin, görün, sonra  nələrsə yazarsınız. Monitor önündə “sayıqlamaq” artıq heç kəsə, ən çoxda elə özünüzə heç nə qazandırmayacaq. Bu xalq yol kəsəni də, yoluna işıq tutanı da yaxşı tanıyır.

İnkişaf, bu torpağı gələcəyə daşımaq, çiçəkləndirmək naminə  nə isə edək, təklif irəli sürək, çalışaq vuruşaq. Kənarda oturub boş boğazlıq etməyin “bəhrəsi” olmayıb, olmayacaq da. 

Hə, birdə unutmayın. Çətin, soyuq qışının qorxusundan Naxçıvanı tərk edən və bu gün hər şeyə qara yaxmaq istəyənlər, beyinlərinizdə donub qalmış problemlər bu torpağa bağlı olan fədakar insanların sayəsində çoxdan həllin tapıb.
Geri dönə bilərsiniz!

                                                                       Nicat Quliyev
                                                         Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: