Payızın son büsatı

A- A A+

Yayda coşub çağlayan ana təbiət  yaşıl örpəyini üstündən atıb. Sarı saçlarını  torpağa sərib, daranıb, payız yağışlarında arınıb, əlçim-əlçim, yarpaq-yarpaq qızılı donuna bürünüb.  Fəsillərin sarı gəlini payız qızılı saçları ilə yurda bəzəkdir sanki...  

Əsən küləklər, göylərin sevgisini yerin qulağına pıçıldamağa, əsən külək torpağa lay-lay çalıb onu qış yuxusuna hazırlamağa meyillidir, ətrafı sarıb sarmalayan xəzəlin xəfif səsi  insanın ruhuna sakitlik, duyğularına rahatlıq bəxş edir.

Ayaqlarımız altında xışıldayan qızılı rəngli yarpaqlar mahir toxucu əli ilə toxunan naxışları, ilahi dəqiqliklə işlənən xalını xatırladır. Yağışına, soyuğuna, küləyinə baxmayaraq  insan təbiətlə təmasda olmaq istəyir. Təbiətin səhər yuxusudur payız .... bəzən isti və doğma, bəzən  də soyuq  və yad, amma  bütün halları ilə gözəldir...

Addım-addım ilmə ilə hopub yurdun canına, tələsir, səmada süzən quşlara, dəli küləklərə qoşulub harasa uzaqlara tələsir. Qapını kəsən  qışın ilk qarı öpəndə dağların alnın payızda vidalaşmağa tələsir.

Həzin bir musiqidir payız. Bu musiqini  qulaqlarımızla deyil, ruhumuzun, qəlbimizin ən dərin, ən məhrəm, ən kövrək yerində duyuruq. Rəssamlar fəslidir payız deyillər, özü də ən mahir rəssam deyilmi.. Payız dərin xəyali və fəlsəfi məna daşıdığına görə  rəssamlar məhz bu fəsildə ən gözəl əsərlərini yaratmağa müvəffəq olublar.  Hər il ənənəvi olaraq rəssamların bir payız sərgisi də olur. Bəlkə bu səbəbdəndir ki, yaradıcı insanlar  payıza Səttar  Bəhlulzadə mövsümü, İsaak Levitan  fəsli də deyirlər..

Payizin son büsatıdır. İllərdir ki, zaman özünün  əbədi yolu ilə yorulmadan aram-aram gedir. Payız hər zamanı ovqatında - ərköyün,  çılğın bir az da kövrək. 

Ağaclar da soyuğun nəfəsini duyan kimi saralır, əlvan libasa bürünür. Xal düşdükcə zəifləyir zəiflədikcə gücdən düşür, torpağın üstündə xalıya dönür. Son kimi görünən eyni zamanda bir başlanğıcdır. Ancaq çox yox cəmi 3-4 ay sonra yazın gəlişi ilə o yarpaqların yenidən doğuluşuna  şahid olacağıq.

Payızın son büsatıdır... çılpaqlaşan ağaclar yavaş-yavaş torpağın qoynunda qış yuxusuna gedir. Təbiət  müvəqqəti sükuta dalır. Yarpaqlar saralıb töküldüyü kimi  insanların da düşüncələri saralıb  xatirəyə dönərək  söz-söz, cümlə-cümlə ağ  vərəqlər üzərinə səpələnir.

Bəzən islandığımız yağışına, saçlarımızı dolaşdıran küləyinə, ayağımıza dolaşan xəzanına deyinərkən bəlkə də bir şair evinin pəncərəsi önündə dünyanın ən gözəl şeirini yazır...

Təbiətin xəzan çağı bədii yaradıcılıq üçün də bitib tükənməyən ilham qaynağıdır. Elə bir şair  olmaz ki, onun əsərlərində  kövrək payız nəfəsi  hiss edilməsin, payız ətri duyulmasın. Orta məktəb dərsliklərində oxuduğumuz, yaddaşımıza həkk olan  və bir neçə misra ilə  üç aylıq, doxsan günlük payızın bütün  məziyyətlərini, özünəməxsus xüsusiyyətlərini, payızın ən gözəl təsvirlərini cəm edib  Abdulla Şaiqin bu şeiri:

Payız olur, əsir soyuq küləklər,

Solur dağda , çöldə əlvan çiçəklər.

Gecələr  uzanır, günlər qısalır,

Göy üzünü qara buludlar alır.

Yağış yağır,  duman çökür  çöllərə,

İnildəyir çayır, çəmən , dağ , dərə. 

 

Bir axşam taksidən düşüb payıza,

Bilmədik haraya , hayana gedək .

Bahar həsrətilə  payız axşamı,

Yenə həzin – həzin titrədi ürək.

Şeir kimi oxuya bilmədiyimiz, elə ilk sözündən beynimizdə, qəlbimizdə musiqi kimi çalınan Vaqif Səmədoğlunun bu misraları  ən gözəl payız nəğməsidir.

Payızın son  büsatıdır.... Dağların zirvəsi qarla çoxdan görüşüb. Dağ kəndlərindən üzü arana doğru qış atını tələsdirir. Ruhumuz qış mənzərələrinə, ağ qarın təmizliyinə, paklığına  can atır. Dekabrdır.. Havadan qışın ətri duyulmaqda.

Fəsillər ömrün saatları, günləri, ayları və illəridir. Yayda payıza, qışda yaza tələsirik  hər fəslin öz gözəlliyi, öz rəngləri var. Payıza vida edib, qışı qarşılayırıq. Xoş gəldin dekabr, xoş gəldin fəsillərin  ən ağsaçlısı...

Türkanə Əmoyeva

Naxçıvan radiosunun əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: