Fövqəladə hallar uşaqların gözü ilə... - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhər 7saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbirdə 6 tərbiyəçi və məktəbəqədər qrupun 26 fidanı iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların xoşagəlməz hallarda qarşılaşdığı təhlükələrə onları əvvəlcədən hazırlamaq, uşaqlarda təhlükəsiz həyat fəaliyyətini formalaşdırmaq olub.
Tədbirdə məişətdə və ətraf mühitdə baş verə biləcək təbii və texnogen qəzalar uşaqların dili ilə böyüklərə çatdırılıb. İlk səhnəcikdə uşaqlar yanğın zamanı qaynar xətlərə necə zəng edilməsi, zərərçəkmişin yanğın ocağından xilas edilməsi və ilk yardımın göstərilməsi, o cümlədən dəm qazı ilə zəhərlənmə və ondan qorunma yolları, belə hallarda zərərçəkmişlərə ilk yardımın göstərilməsi qaydasını əyani şəkildə sərgiləyiblər.
Həmçinin fövqəladə hallara aid mahnılar da uşaqlar tərəfindən ifa edilib.
Sonda “Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgi qonaqlara təqdim olunub. Təqdim olunan sərgidə Naxçıvan şəhər 7 saylı uşaq bağçasının balaca fidanlarının və tərbiyəçilərinin əl işləri nümayiş olunub. Səhnəciklərdə fəal iştirak edən uşaqlara diplomlar təqdim edilib, onlara təhlükəsiz həyat naminə uğurlar arzulayıblar.