NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında İsveçrə sistemi üzrə təşkil olunan şahmat yarışının qalibləri müəyyənləşib.
Tədbirdə Daxili İşlər Nazirliyinin kadrlar şöbəsinin rəisi, polis-polkovnik leytenantı Rəşad Seyidov, Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, istefada olan polis-polkovniki Yusif Həsənov çıxış edərək bu cür yarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
İsveçrə sistemi ilə 7 turdan ibarət olan birincilikdə 40 nəfər mübarizə aparıb. Yekun nəticələrə əsasən Dəmiryol Nəqliyyatında Polis şöbəsinin əməkdaşı Qismət Novruzov I yerə layiq görülüb. Babək rayon polis şöbəsinin əməkdaşı Ramin Abdullayev II, Culfa rayon polis şöbəsinin əməkdaşı Cəfər Məmmədov isə III yerdə qərarlaşıb.
Qaliblərə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.
Əli Məmmədov