BMT-nin Baş katibi iqlim dəyişikliyinə qarşı mübarizədə yarı yolda dayanmamağa çağırıb

A- A A+

Daha çox parnik qazları emissiya edən ölkələr 2050-ci ildə qlobal temperaturun artmasını 1,5 dərəcə Selsi həddində saxlamaq üçün öz üzərlərinə əlavə öhdəliklər götürməlidirlər. NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, bu fikri Madriddə keçirilən iqlim sammitindəki çıxışında təşkilatın Baş katibi Antonio Quterreş ifadə edib. “Biz dönüşü olmayan nöqtəyə yaxınlaşırıq”, -deyən natiq xatırladıb ki, iqlim dəyişikliyi üzrə sentyabrda keçirilən sammitdə bir çox ölkələr, şəhərlər və özəl şirkətlər iqlim böhranına qarşı öz planlarını irəli sürüblər. Lakin, Quterreşin sözlərinə görə, elə oradaca bu sahədə kimin heç bir iş görmədiyi məlum olub. “Parnik qazlarının ən böyük istehsalçısı olan ölkələr daha qətiyyətli hərəkət etməlidirlər”, -deyə Baş katib vurğulayıb.

BMT-nin rəhbəri bütün hökumətləri 2050-ci ildə emissiyaların həcmini sıfıra endirmək üzrə 2020-ci ildən başlayaraq tədbirlər həyata keçirməyi vəd edən 75 ölkəyə qoşulmağa çağırıb. Onun sözlərinə görə, bu prosesdə “boz” iqtisadiyyatdan “yaşıla” keçid zamanı işini və dolanışıq mənbələrini itirəcək insanlar haqqında da düşünmək lazımdır. Bundan başqa, qadınlara və əhalinin aztəminatlı təbəqələrinə xüsusi diqqət yetirilməlidir.

Baş katib hesab edir ki, ən mühüm məsələlərdən biri də daş kömürü keçmişdə buraxmaq və bu yanacaq növü ilə işləyən elektrik stansiyalarının tikintisini dayandırmaq, həmçinin qazıntı yanacağının hasilatına son qoyaraq müstəsna şəkildə yenilənən energetika mənbələrinə keçməkdir.

A.Quterreş iqlim dəyişikliyi ilə əlaqədar sabit maliyyələşdirməni də təmin etməyə, ekstremal təbiət hadisələri nəticəsində zərər çəkmiş insanları dəstəkləməyə və sammit çərçivəsində kiçik ada dövlətləri üzrə götürülmüş öhdəlikləri yerinə yetirməyə çağırıb.

BMT-nin Baş katibi beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsi çağırışlarına daha fəal cavab verməsindən məmnunluğunu ifadə edib və əldə olunan uğurlarla kifayətlənməməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: