Qadınlara sərmayə kapitalı verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a  verilən xəbərə görə, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə öz maraqlı biznes planı ilə fərqlənən qadınlara sərmayə kapitalı verilib.   

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, hazırda muxtar respublikada 6000-dən artıq qadın sahibkar var. Sahibkar qadınlar ərzaq, qeyri-ərzaq və kənd təsərrüfatı  məhsullarının istehsalında xüsusən də istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı və sair  xidmət sahələrində fəaliyyət göstərirlər. Cari il ərzində BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi icra edilib. Layihədə əsasən 40 yaşınadək aztəminatlı ailələrdən olan qadınlar və sağlamlıq imkanları məhdud qadınlar iştirak edib.

Belə ki, layihə çərçivəsində “Gələcəyini Planlaşdır” adlı 7 və “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilib. Keçirilən təlimlərdə 289 qadın iştirak edib. Ümumilikdə layihə çərçivəsində 63 qadına sərmayə kapitalı verilib. Bugünkü  tədbirdə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 24 nəfər qadına müvafiq müqavilələr və aktivlər paylanılıb.  Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə xalçaçılıq, toxuculuq, dərzilik, heykəltəraşlıq və sair sahəsi ilə məşğul olunması və ya inkişafı üçün verilib. 

Qadınlardan 8-i maldarlıq, 2-si heyvandarlıq, 1-i quşçuluq, 1-i arıçılıq, 1-i əkinçilik, 2-si dərzilik, 7-si toxuculuq, 1-i konservləşdirmə, 1-i heykəltəraşlıq sahəsi ilə məşğul olacaqlar. Tədbirdə qadınlara ümumilikdə 9 iribuynuzlu (1 ədəd yanı balalı), 11 xırdabuynuzlu, 10 hind toyuğu, 10 arı ailəsi, 1500 kq buğda toxumu, 8 kq ip, 4 kq əriş, 2 kq arğac, 3 ədəd hana, 3 ədəd tikiş maşını, 10 m parça, 5 m parça yapışqan, 10 rulon yapışqan, 170 ədəd sap, 50 düzüm təbii daş, 150 ədəd süni gül, mal-qara və quş üçün yem, muncuq və s. verilib.  

Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək, qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən imzalanan müqavilələr haqqında ətraflı məlumat vermiş və bundan sonra layihə ilə bağlı keçiriləcək tədbirlər haqqında layihə iştirakçılarını ətraflı məlumatlandırıb.  

Layihə iştirakçısı Reyhanə Rəhimova onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim edilib, sərmayə kapitalının dəyərində alınmış aktivlərə yerində baxış olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: