Babək rayonunun Şıxmahmud kəndi Naxçıvan şəhərinin 3-4 kilometrliyində, Naxçıvançayın sağ sahilində, düzənlikdə yerləşir. İki min il bundan əvvəl mövcud olan, tarixin çox sınaqlarına sinə gərən kəndə bu gün şəhər görkəmi verilib. 2008-ci ildə kənddə 686 yerlik, üçmərtəbəli məktəb binasının, kənd mərkəzinin, Uşaq musiqi məktəbinin, həkim ambulatoriyasının istifadəyə verilməsi hər bir şıxmahmudlunun sevincinə səbəb oldu. Çünki artıq bu kəndin övladları da rahat, hər bir şəraitə malik, istiliklə təmin olunmuş məktəbdə təhsil alırlar. Hər il ali məktəblərə qəbul zamanı əldə edilən nəticələr də yaradılan şəraitin bəhrəsidir. 2018-2019-cu tədris ilində məktəbi bitirən 24 məzundan 20-sinin ali məktəblərə, 1 nəfərin orta ixtisas məktəbinə daxil olması da bunu təsdiq edir.
Təbii ki, kənddə ən vacib obyektlərdən biri də səhiyyə ocaqlarının inşasıdır. Çünki sağlamlıq olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Bu mənada sakinlər kənddə fəaliyyət göstərən həkim ambulatoriyasının xidmətindən istifadə edirlər. Xüsusən də uşaqların vaxtında peyvənd olunmasını valideynlər minnətdarlıqla qarşılayırlar.
Şıxmahmudlu uşaqların musiqi təhsilinə göstərilən qayğının ifadəsi kəndin mərkəzindəki ikimərtəbəli musiqi məktəbində əks olunub. Məktəbdə uşaqlara tar, kamança, qarmon, nağara, saz və fortepiano üzrə musiqi təhsili verilir.
Kənd mərkəzində kənd ərazi icra nümayəndəliyinin, bələdiyyənin və digər təşkilatların yerləşməsi kənd sakinlərinin sosial məsələlərinin vahid mərkəzdə həll olunmasına şərait yaradır. Eləcə də kənd kitabxanasının fondunda qorunan 9 min kitab sakinlərin mütaliəsinə, maariflənməsinə göstərilən qayğının təcəssümüdür. Məişət evi, mağaza və məscidin əsaslı təmir olunub yenidən qurulması və bərbərxananın, dərzi, ayaqqabı, məişət cihazlarının təmiri və sair sexlərin burada yerləşməsi kənd sakinlərinin işini xeyli yüngülləşdirib.
Eləcə də kənddaxili yolların asfaltlanması, piyada yollarına daş döşənməsi Şıxmahmudun gözəlliyinə yeni çalarlar bəxş edib. Qeyd edək ki, Şıxmahmuda göstərilən qayğı 2008-ci illə bitməyib. İki il öncə yollar yenidən qurulub, 951 evə içməli su xətti çəkilib, kanalizasiya quraşdırılıb. Üstəlik Naxçıvan şəhəri ilə Şıxmahmud arası 8 nömrəli marşurut avtobus da açılıb. Bütün bunlar da kənd sakinlərinin rahatlığına göstərilən qayğının daha bir nümunəsidir.
Sözsüz ki, kənddə ilk növbədə dolanışıq yeri torpaqdır. Şıxmahmudlular sahələrində kənd təsərrüfatı bitkilərinin bütün növlərindən əkirlər. Daha çox taxılçılığa maraq göstərilir. Çünki insan üçün ən vacib çörəyə olan ehtiyacının ödənilməsidir. Sahələrdə cücərən payızlıq taxıl sahələri də elə zəhmətdən, torpağa bağlılıqdan söz açır. Hazırda təsərrüfatçılar 300 hektara yaxın sahədə payızlıq taxıl əkiblər və havaların əlverişli keçməsinə görə əkin davam edir.
20 il bundan əvvəl 2 hektar sahədən taxıl əkininə başlayan İsa Baxşızadə deyir ki, hazırda 21 hektar sahədə günəbaxan, 14 hektar taxıl əkib. Üstəlik heyvandarlıqla da məşğuldur. Həmçinin kənd sakini Çölbəyi Məmmədov bildirir ki, kəndlinin iş yeri torpaqdır. Əkinçiyə yaradılan şərait nəticəsində torpaqlar artıq boş qalmır. Hamı əkir-becərir, yaxşı da dolanır. Muxtar respublikada adla deyilən Şıxmahmud sarımsağı bütün həyətyanı sahələrdə əkilir.
Onu da qeyd edək ki, Şıxmahmudun coğrafi mövqeyi əkinçilik üçün çox əlverişlidir. Kəndin Naxçıvan şəhərinə yaxın olması sakinlərin məhsullarının rahat satışına da səbəb olur və buna görə onlar ilbəil əkin sahələrini genişləndirməyə çalışırlar. Amma təbii ki, məhsuldarlıq üçün mühüm amil sudur. “Uzunoba” Su Anbarının bu kəndin üst tərəfində yerləşməsini isə şıxmahmudlular xoşbəxtlikləri kimi qəbul edirlər. Bu anbar onların torpaq sahələrinin vaxtlı-vaxtında suvarılmasını təmin edir.
Kənddə 3 lavaş sexi fəaliyyət göstərir. Belə sexlər həm kənd sakinlərini çörəklə təmin edir, həm də iş yeri kimi neçə-neçə ailənin dolanışığına imkan yaradır.
Bu kəndin insanları qoçaq, çalışqan, zəhmətə qatlaşan olduqları kimi, vətənpərvərdirlər. Bunu ötən əsrin son illərində də sübut ediblər, 2016-cı ildəki aprel döyüşlərində də. Erməni qəsbkarlarına qarşı vuruşan, şəhid olan oğulların xatirəsi həmişə uca tutulur.
Elm, bilik, zəhmətsevərlik, vətənpərvərlik... Bu keyfiyyətlər aşılanır şıxmahmudlu gənclərə. Və bu gənclər dövlətimizin bu gün hər bir yaşayış məntəqəsinə göstərdiyi qayğını gündəlik həyatlarında yaşayırlar. Yaxşı dərk edirlər ki, dövlətin iqtisadiyyata, təhsilə, səhiyyəyə mədəniyyətə göstərdiyi qayğının arxasında insan amili dayanıb. Bu qayğının cavabı isə belədir: çalışmaq, kənd və şəhərlərimizi ilk növbədə zəhmətlə abadlaşdırmaq, gələcəyin daha abad ünvanına çevirmək. Bu yolda dövlətə dəstək olmaq hər kəsin xoşbəxt gələcəyinə təminat verir.
Hafizə Əliyeva