Təmizlikçilər

A- A A+

Payızın sonuncu sarı-boz yarpaqları... külək qatıb qabağına gah sığal çəkə-çəkə, gah da ki, bir-birinə çırpa-çırpa  özünə yoldaş eləyib. Şəhərin küçələrini həm gülləyən, həm də zibilləyən yarpaqlar. Kimi üçün romantikadı, kimi üçün artıq bir təbiət tullantısı... Kimsə kiminsə xəyal dünyasına, düşüncələrinə süpürgə çəkir, kimi də kimlərinsə  sevincli-kədərli izlərinə, ağrı dolu, əzab dolu addımlarına...Birincilər təəssüfə, ikincilər məhəbbətə layiq olanlardı... ikincilər hər gün gözlərimizə gözəllik, təmizlik bəxş edənlərdi...

Hər fəsil sübhün alaqaranlığında yollara, səkilərə, parklara-insan keçən hara varsa-oranı öz “çörək ağacları” ilə darayan, sığallayan insanlar... Onlar hər kəsin hörmətinə, diqqətinə layiq olanlardı. Hər gün yolları təmizləyən, çiçək qoxulu edənlərdirlər...

Onların da hər kəs kimi öz qayğıları, arzuları var. Amma daha ağır yükləri hər gün minlərlə, milyonlarla insanın addımlarını oxşamaq, əzizləmək, sevincinə, kədərinə şərik olmaqdır, qəzəbinə, nifrətinə, acısına, ağrısına süpürgə çəkməkdir...

 

Süpürgə çiynində, əlcək əlində,

Ulduzların batışını, günəşin doğuşunu seyr edə-edə..

Süpürür hər gün şəhərin küçələrini..

Aldığı nəfəs təmizləyir ciyərinin köşələrini...

Yatanlar narahat olmasın deyə,

Asta çəkir süpürgəsini...

Bəzən fikrə gedir, köksün ötürür,

Sakitcə dinləyir içindəki səsini...

 

Onun öz nağılı, öz nəğməsi var...

Torpağı göyərdən yaz nəğməsi var...

Yayı toz çiçəkli, isti baxışlı...

Payız nəğməsi var, yarpaq yağışlı..

Qarlı qış nağılı, buz nəğməsi var...

 

Bəzən mənim küçəm təmizdir deyə-

içində sevinib, fərəhlənibdi..

bəzən də laqeyd baxış görəndə,

boğazı tıxanıb, qəhərlənibdi...

 

Onun süpürgəsinə gözucu baxan adam...

Qara eynəyin arxasından

 hər rəngə qara yaxan adam,

Səni səndən alan içindəkini,

laqeyd, özündən razı baxışlarını,

dodağındakı kinayəli təbəssümü,

qaşlarının eyhamlı çatışlarını,

töküb getsənə, daş səkilərə...

Qoy, süpürüb töksün  zibil maşınlarına...

 

Onun addımları acılarla dolmasın...

Təki həyatımıza, ömrümüzə,

izlərimizə süpürgə çəkən

ondan başqası olmasın...

 

Bax belə, mənim diqqətli oxucum... İşə tələsərkən yolda rastlaşdığın küçələri təmizləyənlərin süpürgəsindən qorxma... Birdən ayaqqabına toxunar deyə, on addım geri getmə... Onsuz da onlar səni görüb dayanacaqlar. İşə ilk başlayanlardan biri olaraq, onlara “Sabahın xeyir”, “İşin irəli olsun!” de... Gördüyü işdən əl saxlayıb, səni baxışları ilə yola salanlara, az da olsa, təbəssüm et...

 

                                                                      Təranə Arifqızı

                                                        Naxçıvan radiosunun əməkdaşı

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: