Vərəsəlik şəhadətnaməsinin verilməsi

A- A A+

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qaydaları haqqında nə bilirik?

Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və  yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və.s), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir.        

Vərəsəlik  şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı  barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.                                                                    

Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr, mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün şəhaddətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.   

                                                                                                                                                                            

Əgər həm qanun üzrə həm də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir,  əgər miras qoyan şəxs ahıllar və sağlamlıq imkanları məhdud olan şəxslər üçün sosial  xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.

Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır. 

Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.

Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır.

Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan sənədlər və vərəsəlik şəhadətnaməsinin notariat ofisində saxlanılan nüsxəsi notariat işinə tikilir.

 

                       Səbuhi Əmirov

Culfa Rayon Dövlət Notariat ofisinin Dövlət Notariusu

”Arazın səsi”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: