Qrip və ondan qorunma yolları

A- A A+

İnsanların qrip virusuna yoluxması əlamətlərin ortaya çıxmasından 1-2 gün əvvəl başlayır və ağırlaşma olmazsa, 5-7 gün müddətində davam edir. Həmin dövrdə qrip olan xəstə digər insanları da yoluxdurur. Çünki, virusa yoluxduqdan 2-3 gün sonra xəstə ətrafındakıları yoluxdurma ehtimalına sahib olur, sonrakı günlər bu ehtimal azalır. Xəstə insan asqırdığı, öskürdüyü, yaxud danışdığı zaman ətrafa selik damcıları sıçradır. Bu damcıların içərisində saysız-hesabsız viruslar ətrafa yayılır. Viruslar nəfəs yolları ilə ağciyərlərə daxil olmaqla, sağlam insanları yoluxdurur. Xəstəliyi yüngül keçirən və yataq rejiminə əməl etməyən xəstələr xüsusilə təhlükəlidir. Xəstəliyin əsas əlamətlər öskürmə, asqırma, titrətmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, zəiflik, gözlərin yaşarması, sifət dərisinin qızarması və burundan ifrazat axmasıdır.

Xəstə vaxtında müalicəyə cəlb edilməzsə xoşagəlməz hallar baş verər. Müalicə məqsədi ilə mütləq həkimə müraciət edilməlidir. Xəstələr parasetamol tərkibli dərman preparatlarından istifadə etdikdə xəstəliyin müalicəsi müsbət nəticə verir.

Qripin ağır formaları olduqda, xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb olar. Xəstə qızdırmalı dövrdə yataq rejimində qalmalı, vitaminlərlə zəngin məhsullar onun əsas qidası olmalı, çoxlu çay, kompot, kisel, həmərsün şirəsi və ya dəmlənməsi, zoğal, böyürtkən, gilənar mürəbbəsi və s. qəbul etməlidir.

Xəstə olan otaqların havası tez-tez dəyişdirilməlidir. Eyni zamanda, xəstələr spirtli içkilərdən, siqaretdən, duzlu və qıcıqlandırıcı yeməklərdən (xardal, sirkə, istiot və s.) istifadə etməməlidirlər.

Xəstələr ayrı otaqlarda yerləşdirilməli, istifadə etdikləri əşyalar ayrılmalı, qab-qacaqlar qaynar su ilə yuyulmalı, fərdi və ya birdəfəlik dəsmallardan istifadə edilməlidir.

Xəstələrə qulluq edənlər də şəxsi gigiyena qaydalarına əməl etməli, birdəfəlik tənzif maskalar taxmalı, maskalar 24 saatdan bir dəyişdirilməlidir.

Xəstəyə profilaktika məqsədilə spesifik interferondan, qrip əleyhinə immunoqlobulindən, oksalin məlhəmindən istifadə etmək məsləhət görülür.

Qrip epidemiyası zamanı uşaq tərbiyə müəssisələri xüsusi rejimdə işləməli, ictimai yerlərdə gigiyenik qaydalara əməl edilməlidir.

Qrip xəstəlikləri ilə mübarizə işində xəstəliyin erkən aşkar edilərək təcrid olunması xüsusi rol oynayır və sürətli yayılmasının qarşısını alır. Ona görə də iri müəssisə və təşkilatlarda, ictimai yerlərdə, xüsusən uşaq və yeniyetmə müəssisələrində, yaşayış məntəqələrində yoxlamalar aparılmalı, xəstəliyə yoluxanlar vaxtında aşkar edilərək təcrid olunmalı və əhali arasında geniş səhiyyə maarifi işi aparılmalıdır.

Məhərrəm Qədimov

      Şərur  rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

                                                                                           “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: