Sarı papaq

A- A A+

Kəndlərdə adətən, soyuq havalarda qız uşaqları başlarına yaylıq bağlayırdılar. Ancaq o balaca qıza anası  sarı bir papaq almışdı.  Üzərində kiçik  çiçəkləri olan sarı papaq. O balacanın isə sevmədiyi rənglərdən biri elə sarı  idi. Bu rənglərin ona yaraşmadığını düşünürdü. Göyqurşağı səmadan boylananda, daha tünd rəngləri özünə “seçirdi”... Açıq rəngləri  isə öz geyimində deyil, təbiətin “geyimində “sevirdi.  

Anasının aldığı o sarı papaq  beləcə ilk nifrət payını almış oldu bu qızcığazın ürəyindən…

Ötüb keçən illərdə uşaqlığımı tapa bilmirəm, daha doğrusu 1990-cı ildən sonrakıları. Mən ərkəsöyün böyümüşəm. Ancaq bütün ərkəsöyün uşaqlar kimi qorxaq və kövrək deyildim.

…Pianinom vardı və mən əllərimi sevirdim. Çünki bu əllərlə çalacaqdım o pianinonu. Yaşımın çatmasını səbirsizliklə gözləyirdim ki, atam məni musiqi məktəbinə yazdırsın. Axı pianoçu olacaqdım. O günlərdə isə hamı düşmən gülləsinə qurban gedən kiçik yaşlı bir qızın ölümündən danışırdı. Böyüklərin dilindən eşidirdim: “Uşaqları qorumalıyıq, çox çətin və ziddiyyətli dövrdür, indi onların təhsilindən daha çox sağlamlığını düşünməliyik”.  

O illər, beləcə ilk uşaqlıq xəyalımın “düşməninə” çevrildi. O illərin uşaqları isə heç uşaq olmadı, uşaqlığını yaşamadı. Bəzən ətrafınızda  orta yaşlı insanların “uşaqlıq elədiyini” görəndə gülüb keçməyin, bilin ki, onlar uşaqlıq yaşamayıblar.

Mən isə bu illərdə pianoçu olmaq arzumu geoloqla əvəz eləmişdim. Pianoçu ola bilməyəcəkdim, dərslərimi həmişə yaxşı oxuyub yeni arzuya kəmənd atmalı idim.

Qışda anam bizi məktəbə aparan yolların qarını təmizləyirdi ki, biz rahat gedək yolu. Çünki indiki uşaqlar kimi getdiyimiz yollar palçıqsız, qarsız, tərtəmiz deyildi.

Palçıqlı yollar, tapılmayan dərsliklər azmış kimi, erməni deyilən düşmən haradan çıxmışdı bəs? Yada elə vardı, sadəcə  “dostluq, qardaşlıq” adı altında gizlətmişdilər öz məkrli niyyətlərini.  

Nənəm Qarabağ qızı idi, ağdamlı idi. Və  o Ağdamın işğalından  iki ay sonra nənəm rəhmətə getdi. Görünür ata yurdunun talanması elə onun da ürəyini talamışdı. Ağdam torpağından istəmişdi ki, son nəfəsində, barı öləndə məzarına gətirib töksünlər deyə. “Nənəmin yurdundan” didərgin düşən bir ucaboylu qadının, elə həmin torpaqdan bir ovuc gətirib məzarına tökməsi hələ də yadımdadır.

...Və sonra..

Tanımadığım insanların arasında, mənə yad səslərin içində boğuluram. İki mərtəbəli məktəbimizin havalandırması olmayan zirzəmisində eləcə bir-birimizə qısılıb qalmışıq. Ermənilər top atəşinə tutmuşdular bizim kəndimizi. Çöldən atəş səsləri gəlirdi, biz isə dörd məktəbli eləcə qaranlıq zirzəmiyə sığınmışdıq. Top mərmisi divar qonşumuzun həyətinə düşmüşdü və bizim evin divarları, pəncərələrin şüşələri qırılmışdı. Atəş  səsləri kəsiləndən sonra atam gəlib bizi evə aparmışdı…

Uşaqlığımın bir dönəmi zirzəmidə keçdi, səksəkəli və narahat. Paltarlı yatırdıq. Çünki hər an o “podval” deyilən zirzəmiyə qaçmaq ehtimalı var idi. O da yadımadadır ki, top atəşləri dayananda sarı avtobuslar gəlirdi. Qadınlar, qocaları top atılmayan qonşu kəndlərə aparırdılar, amma o insanlar  yenə də qayıdıb gəlirdilər.

Bir müddət getmədik heç yerə. Ancaq bir gün atam anamla dörd uşağı həmin sarı avtobuslardan birinə mindirib özü də qapımızın ağzında dayanıb bizə baxdı. Avtobus hərəkət etməyə hazırlaşanda  isə anam bizi daycanıma tapşırıb özü atamın yanına düşdü. Çünki evdə xəstə yatağında nənəm və yaşlı babam vardı. Onda anladım ki, Ana dediyimiz o müqəddəs varlıqlar təkcə uşaqların deyil, ömür-gün yoldaşının və onun valideynlərinin də anası olurmuş.     

Babam İkinci Dünya müharibəsi veteranı idi. Döyüşün, odun alovun içindən çıxmışdı. Özü demişkən “iki yalançı topdan” qorxub torpağı qoyub qaçmaq ona gülünc gəlirdi. “Ata yurdumuzu qoyub  getmək, bizə yaraşmaz”, - deyirdi. Həyətdə stol qoyub oturar, qəlyan çəkərdi.

Yurdumuzu düşməndən ov tüfəngləri ilə  qoruyan döyüşçülər isə  dayımız, atamız, kəndin, elin qeyrətli oğulları idi...İndi sərhəddə ayıq-sayıq dayanan, düşmənin canına qorxu salan, müasir silahlarla təchiz edilmiş, güclü hərbi texnikası olan qüdrətli ordumuz var. İndi qürurla “Vətən əmin əllərdədir!” -deyirik.

O illərin acı xatirələri, yaşadığımız çətin günlər isə uşaqlıq yaddaşıma hopub, hələ də yuxularıma gəlir. Ötüb keçən anlar xatırlananda fikirləşirəm ki, mənimlə eyni yaşda olan, öz yurd yuvasından didərgin düşən yüzlərlə xocalılı, ağdamlı, laçınlı körpələrin indi yaddaşında hansı acı həqiqətlər yer alır...

Hələ məktəbliykən tarix müəllimimiz üstündə “Xocalı qan yaddaşı” yazılan jurnal göstərmişdi bizə. “Unutmayın, bu  misli bərabəri olmayan vəhşiliyi ermənilər törədib” dedi və əlavə etdi ki, bu görüntüləri şəhid jurnalist  Çingiz Mustafayev çəkib.   Çingiz Mustafayev o gündən mənim idealıma çevrildi. Mən də onun kimi jurnalist olmalı idim. Qorxmaz, cəsur, həqiqət carçısı…

Bu günlərdə hələ məktəb illərində yazdığım gündəliyimi varaqlayıram.  Şadlığıma aid heç nə tapa bilmirəm, gözüm dolur… Dövrün maddi və mənəvi problemlərinin fonunda mənim uşaqlığım itib-batıb. Həyata sıfırlarla başlayanların rəqəmləri sıfırların yanına qoyması uzun zaman alır..

Kəndimizə gedən yolun solunda çinar ağacları əkilib. Yolları çinarlarla bəzəyən insanların ömrü də çinar ömürlü olsun.

Sarı papağımı axtarıram uzun zamandır. Bilirəm ki, o papağı başıma geyəsi  deyiləm, çünki böyümüşəm. Sadəcə nifrət etdiyim və qorxduğum sarı rəngdən üzr istəmək üçün axtarıram. Yazda parklarda bitən zəncirotu çiçəyinin sarısına heyranam. Elə onlar da itirdiyim papağım rəngdədirlər.

Doğma yurdumda gördüyüm üç şey hər gün  sevindirir məni. Torpağımın hər yerində ucalan, dalğalanan üç rəngli qürur yerim, and yerim bayrağım! Binaların damında azadlığını hiss edən, hiss etdirən göyərçinlər, hansı ki, o çətin illərdə quşlar belə yurd yuvalarından didərgin idilər və parklarda, yaşıllıqlarda sarı xalça kimi göz oxşayan zəncirotu çiçəkləri … 

Sən ay küskün uşaqlığım, qoşul gözlərində günəş olan uşaqların sırasına. Onların gülüşündən mahnılarını bəstələ və azadlığın səmasında ruhunu oxşayan göyqurşağında içindəki uşağı sarı rənglərlə sevindir.

P.S. Bu il ilk dəfə Çingiz Mustafayevin məzarını ziyarət etdim. Arzuma çatdığımı dedim.

                                                                                Əfruz Seyidova

 

   

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: