Mövlana Cəlaləddin Rumi yaradıcılığında qadına münasibət

A- A A+

Tarixlər boyu dastanlara, romanlara mövzu olmuş, istər sevgi, istər nifrəti özündə əks etdirən, qadın-kişi münasibətləri hər zaman öz aktuallığını qoruyub. Hazırda  bu barədə müasir dövr psixoloq yazarlar bu sehrli və bir o qədər də mürəkkəb münasibətlərə müxtəlif aspektlərdən yanaşaraq, ən kiçik incəliklərinə qədər tədqiq edib, araşdırıb, qələmə alıblar.

Qadın-kişi münasibətlərində əxlaqi keyfiyyətlər, sevgi məfhumu ilə yanaşı, həm də ailədə hörmətə əsaslanan humanist münasibətlərin qurulmasına dair yerli və xarici mətbuatda  xeyli əsərlər, məqalələr  yazılıb.

Dinimiz İslamda qadına verilən dəyər hər bir kəsə məlumdur. Ancaq peyğəmbər aşiqi Mövlananın isə qadına, qadın-kişi münasibətləri timsalında ailəyə aid öz düşüncə süzgəcindən keçirib əsərlərində əks etdirdiyi fərqli fikirlər mövcuddur. O, “Məsnəvi” əsərində kişinin qadına göstərməli olduğu rəftar, qayğı barəsindəki fikirləri, həmçinin “Fiha ma fihi” əsəri yenə kişinin qadınına olan sevgisi, qısqanclığı fərqli yanaşmada yer alıb. Mövlana qadına bəzən “yaradıcı”, bəzən isə onu göz yaşlarından kişiyə qarşı tələ kimi istifadə edən məxluq kimi təsvir edib. Necə ki deyir: “Qadın ərinin sərt və hiddətli görüncə ağlamağa başladı. Belə ki, ağlamaq qadınların  tələsidir”.

“Qadın haqq nurudur, sevgili deyil. Qadın sanki yaradıcıdır, yaradılmış deyil”,-deyən Rumi  burada  qadını yüksək pilləyə qaldırıb, onu Allahın yer üzərindəki təcəlli etdiyi sifət kimi dəyərləndirib. Mövlana söhbətlərindəki məsləhətlərdə “Qurani Kərim”dəki  aylərə müraciət edir. Məsələn, onun “Allah qadını kişi onunla sakitləşsin, kişiyə yoldaş olsun deyə yaratmışdır”, fikrinə  Quranda “Sizi tək bir nə­fər­dən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qa­bırğasından) zövcəsini (Havvanı) yaradan odur”  (Araf  surəsi 189-cu ayə) ayəsi ilə üst-üstə düşür.

Əslində Mövlananın dindar qadınlara münasibəti həmişə yaxşı olub.  Möv­la­na qadına şiddət göstərilməsinin tərəfdarı deyildi. Ailə içində problemlərin  razılaşaraq həll olunmasını tövsiyə edib.

Mövlanaya  görə, kişi və qadın hər zaman anlayışla, qarşılıqlı inam və mərhəmətlə həyatlarını davam etdirməlidirlər. Onun yazdıqlarından görünür ki, Mövlana kişidə qıs­qanclığı xoş qarşılamayıb, hətta əxlaqında qüsur olan qadına qarşı belə kişinin səbrli olmasını söyləyib. Onun əsərlərində bu barədə çoxlu fikirləri mövcuddur. “Gecə-gündüz dalaşaraq bir qadının xasiyyətini gözəlləşdirmək istəyirsən. Onun pislərini özünlə təmizləyirsən. Özünü onunla təmizləmən, onu özünlə təmizləməndən daha yaxşıdır. Sən onun vasitəsilə yaxşılaş, gözəlləş. Ona doğru ol. İm­kansız olsa belə onun dediyi şeyləri qəbul et” . “Qısqanclıq hər nə qədər kişiyə xas olsa da, bu hisslərdən uzaq ol, o başqa kişiləri sənə tərifləsə də qısqanma; çünki səndəki təcəssüm edən yaxşı xüsusiyyətlərlə yenə səndə pis xüsusiyyətlər meydana gələr”. Buradakı fikirlərə diqqət yetirdikdə Mövlananın münasibətlərə başqa formada ya­naş­dı­ğını, məhz insanın mənəviyyatını saflaşdırmaq üçün nələrdən keçməsi gərəkli olduğunu söylədiyini görürük. Təbii ki, bu fikirlər yaşadığımız cəmiyyət üçün olduqca çətin və qəbul edilməz düşüncələrdir. Bu düşüncələrin əks tapdığı misralara “Fihi ma fih” əsə­rində çox qarşılaşırıq. Mövlanaya görə, qısqanclıq kişiyə xas xüsusiyyətlərdən olsa da o dərinləşdikcə kişidə  daha pis xüsusiyyətlər ortaya çıxarır və bu da kişini daha çox səhvlərə və günahlara sürükləyir. Kişi nə qədər səbrli olarsa mükafatı o qədər böyük olar. Yəni belə ki, ərəb atalar sözü ilə desək “Səbr sevincin açarıdır”. Bu atalar sözünə Mövlana yönümündən yanaşsaq burdakı sevinc Allahın mükafatı kimi nəzərdə tutulur. Bu insanı mənəvi saflığa aparan bir yoldur.

Mövlanaya görə, kişi qadını nə qədər bağlı saxlasa onun özünü göstərmək həvəsi bir o qədər çox olar. Həmçinin başqalarının da ona marağı artar. Qadını məh­ru­miyyətdə saxlamaqla heç nə əldə etmək olmaz. Əgər qadın xasiyyətcə yaxşıdırsa qa­da­ğa­lar olsa da olmasa da o yenə də öz təmiz huyuna (xasiyyətinə) görə davranar. Hz. Pirin (Möv­la­na­nın) baş­qa bir düşüncəsi də o idi ki, əgər başına pis şeylərin gəlməsini istəmirsənsə, özün müt­ləq pisliklərdən uzaq olmalı, öz əxlaqını təmiz saxlamalısan. Əgər öz xanımını qısqanıb, ona qadağalar qoyub başqasının namusuna pis nəzərdə olursansa sən ən əxlaqsız insansan və mütləq həyat bunun cəzasını  özünə qaytarar.

Mövlana həmçinin, qadını ağıllı, zərif, gözəl, bəzən də hiyləgər varlıq kimi təsvir edib. “Məsnəvi”də yazılır: Hz. Peyğəmbər buyurdu ki: “Qadın aqil və arif olanlara çox şiddətli olaraq qələbə çalar. Yenə qadınlara cahillər qalib gələrlər. Çünki, cahil olanlar sərt və hiddətli xasiyyətlilərdir”. Buradan belə aydın olur ki, kişinin arif olanı yüksək mənəvi keyfiyyətlərə malik olduğundan o, qadına məğlub deyil, yuxarıda qeyd et­di­yimiz kimi mənəviyyatını saflaşdıraraq Allahın mükafatına (sevgisinə) layiq olmaq üçün  özünü ali səviyyəyə çatdırıb. Qadının məğlub olduğu kişilər isə daha çox cə­ha­lət girdabında yaşayanlardır ki, onlar hələ də o ali həddə çatmayıb və qadın üzərində hökm­ranlığı kişiliyin əsası hesab edənlərdir.

Rumi zərif məxluq olan qadınları atəşə, kişiləri isə suya bənzədir. Düşünsək ki, su atəşi söndürər deməli qadına qalibsən. Əgər su atəşin üzərində qaynayarsa bu­xar­la­nar. O zaman içdən içə o məxluqa məğlubsan.

Zülm və cəfası bizim üçün  tələ olan nazı və gileyi bizi ram edən bir dilbər, öz günahını bilirsə və üzr istəyirsə üzrü qəbul etməmək olarmı?

Mövlananın “Məsnəvi”si başdan başa demək olar ki, ərlə arvad arasındakı mü­na­si­bət­lər, onların bir-birinə olan vəfasından, xəyanətindən ibrətamiz şəkildə bəhs edən he­ka­yə­lər külliyyatıdır. Onların arasındakı istər sevgi, istərsə də kasıblıq və ehtiyac uc­ba­tın­dan yaranan məsələlərdə kişilərin qadınlara göstərdiyi münasibət, qadınların ağlaması, yalvarması və s. kimi xüsusiyyətlər təsvir edilib. Bu hekayələrdə Mövlana qadını çox vaxt ən ali həddə çatdırıb, bəzənsə, çox kəskin ifadələrlə tənqid edib, onlardan hiyləgər, ipə-sapa yatmayan varlıq kimi bəhs edib.

Yekun olaraq qeyd edək ki, insan yaradılışca digər canlılardan fərqlidir. Dünyada hey­vanlar, həşəratlar, bitkilər hamısı tez bir zamanda təkamülünü tamamlayır. İnsan isə  həm uzun, həm də şüurlu yol keçdiyindən onun yaşamının ayrı bir mənası var. İnsan bu həd­də inkişaf və həyat yolu keçməsə idi yəqin ki, indi nə Mövlana, nə onun kimi düşüncə sahibləri, nə də onların əsərlərindəki təsvir olunan ideal insan ona çatmaq üçün ke­çi­ril­mə­si gərəkli şüurlu yol bu tərzdə təsvir olunmazdı.

 

Əliyeva Xəfayət

“Naxçıvan” Universiteti, İlahiyyat kafedrasının müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: