Sehrlərlə dolu qış gecələri

A- A A+

Hər fəslin öz gözəlliyi var. Ətrafa bəyazlıq bəxş edən, dağları, düzləri ağ yorğanına bürüyən qışın insana bəxş etdiyi zövq tamamilə başqadır. Hər yan ağ örpəyə bürünəndə elə hiss edirsən ki, rəssamın əli ilə çəkilmiş bir tablo qarşısında dayanmısan. Adətən ilin  digər üç fəsli məhz  qış üçün hazırlıq dövrü sayılıb. İlin doqquz ayı çəkilən zəhmətin bəhrəsi qış dövrü üçün saxlanılır, evə qış mövsümündə lazım olan ehtiyat tədarük olunur. Özünəməxsus milli mətbəxi, məişət qayğıları ilə seçilən bu fəsildə kənd əhalisinin işi ötüb keçən fəsillərdən fərqli olur. Müasir dövrümüzdə yenilənən həyat şəraiti kəndlərimizdən də yan keçməyib. Müasir tələblərə cavab verən  kənd evlər mavi yanacaqla qızdırılır. Soyuq havada çöl-bayırda işləyənlər evə dönəndə heç bir məişət qayğısı ilə rastlaşmırlar. Evə daxil olan kimi bir stəkan isti çay onların yorğunluğunu yaddan çıxarır. Ta qədimdən ailələrimizdə olan mehribanlıq, bir-birinə hörmət ailə birliyinin əsas amili olub. Ailəni səmimi, bir-birinə mehriban edən evin böyükləri olub. Həmişə onların məsləhətlərinə ehtiyac duymuşuq. İndi də evlərimizdə ağbirçək nənələrimizin məsləhətləri bizə örnəkdir.

Bizim milli mentalitetimizdə həmişə böyüklərin öyüdlərinə, nəsihətlərinə ehtiyac duyulub. Böyüklər birinin səhvi, nöqsanı olanda onu birlikdə müzakirə edib, doğru yol göstəriblər.

Artıq payız öz xəzan ömrünü başa vurur, ağacların çılpaq budaqlarında olan sonuncu yarpaqlar axşamın ayazından sonra yerə tökülüb. Ta qədimdən qış gecələrinin özünəməxsus gözəlliyi, adətləri olub. Uzun qış gecələri insanlar arasında dostluq körpüsü olub. Günün gərgin işlərini başa vuranlar üçün uzun qış gecələri istirahət məqamı sayılıb. İsti soba başına toplaşanlar “azdan-çoxdan” yeyərək şirin söhbətlər ediblər.

Şəhriyarın məşhur "Heydərbabaya salam" poemasında bu mövzunun  təsvirinə geniş yer verilib. Sanki şair misraların dili ilə bizi o günlərə aparıb, şaxtalı qış gecələrində  ruhumuzu oxşayıb.

Qış gecəsi tövlələrin otağı

Kətillərin oturağı, yatağı

Buxarıda yanar odun yanağı

Şəbçörəsi, girdəkanı, iydəsi

Kəndi basar deyib-gülüşmək səsi.

Bu misralar bizə qış gecələrinin şirin nemətli süfrə başında keçən şən günlərini xatırladır. Kəndlərimizdə qış gecələrində həyətləri çəpər görməyən evlərin qapısı hamının üzünə açıq olur. Hər bir evdə qurulan, təbii nemətlərlə bəzədilən süfrələrdə müxtəlif meyvə quruları, iydə, cəviz, badam, qovrulmuş buğda, müxtəlif otlardan dəmlənən çaylar  göz oxşayır. Bir süfrə ətrafında insanlar yeyib-içir, şirin söhbətlər aparırlar. Süfrə başında hamı bir-birinin dərdinə şərik olur, uşaqlar arasında dostluq və mehribançılıq duyğuları təbliğ olunur. Uşaqların sabahkı dərslərə hazırlığı  soruşulur, onlar bilmədiklərini bir-birindən öyrənirlər.

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə,

Qurd keçinin Şəngülüsün yeyəndə

Mən qayıdıb bir də uşaq olaydım,

Bir gül açıb ondan sonra solaydım.

Sehrli qış gecələrində yaşlı nənələrimiz  nağıl, tapmaca deyər, açmasını hamıdan tez tapmaq, qalib olmaq üçün uşaqlar bir-birləri ilə bəhsə girərlər.

Qışın uzun gecələrində milli yeməklər bişirib bir-birini qonaq çağırmaq adətdir. Əriştə aşı, ələyiz aşı, xəşil, qurud, qaysava, boranı plovu bu yeməklərin başında durur.

Bir ocaqda evin xanımı bulamac tutanda qonşu uşaqları sevinərdi ki, onlar bu axşam doşablı, ballı xəşil yeyəcəklər. Bir süfrə arxasında bardaş qurmaq onlar üçün maraqlı idi. Gündüz bir-biri ilə dalaşan uşaqlar axşam süfrəsi başında bir-birinə yediklərindən tikə tutardı. Qış gecələri o qədər məftunedicidir ki, onun ecazkar gözəlliklərini sadalamaqla qurtarmaz.

Kənd evlərində xüsusi qış otaqları bu gün də var. Soba ətrafında  ağbirçək, ağsaqqallar altlarında döşəkçə, arxalarında yastıq oturub istirahət edər, bütün  ailə bir yerdə cəmlənər, ayrı seçkilik olmaz. Soba yanında suya qoyulmuş  quru ərik onların azar-bezarını canlarından çıxarar. Təbii otlar, təbii meyvələr insan orqanizminə məlhəmdir, ən yaxşı dərmandır.

Günün haradan çıxıb, harada batdığından gileylənənlər üçün qış gecələri ələ düşməyən bir qənimətdir. Qadınlar corab, əlcək, şal toxuyar, balaca qızlar onlardan ilmə atmağı öyrənərlər. Qızlar "beşdaş", oğlanlar isə "Şah-vəzir" oynayar, gecənin bir yarısına qədər işləyənlər rahat yatar, sağlam ruhla tezdən durub gündəlik işlərinə gümrah başlayarlar.

Qış gecələri bizim mehribanlığımızın ən bariz nümunəsidir. Bu birlik bizdən asılıdır. O günlərin əhval-ruhiyyəsi ilə yaşamaq həm dədə-babalarımızın ruhuna hörmət, həm də o gözəl anları yaşamaq üçün bir fürsətdir. Ələ düşən fürsəti, gəlin, əldən verməyək.                                                                    

                                                                “Arazın səsi”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: