Sumaq bitkisi və Naxçıvanda sumaq əkinləri - FOTOLAR

A- A A+

Sumaq qırmızı rəngli, turş dada malik meyvədir. Dadının turş olması tərkibində üzüm turşusunun olmasına görədir. Sumağın meyvələri qurudulduqdan sonra üyüdülüb mətbəxlərdə ədviyyat kimi istifadə olunur. Əsasən, yağlı xəmir xörəklərin, qızardılmış ət, kabab, balıq yeməklərinin yanında süfrəyə verilir. Sumaq həzm sistemi pozuntularından əziyyət çəkən adamlara məsləhət görülür. Mütəxəssislərin yazdığına görə sumaq artritdən əziyyət çəkən insanlar üçün çox faydalıdır-iltahabı və ağrıları azaldır, oynaqların hərəkətliliyinin yaxşılaşmasına kömək edir. Sumaq xalq təbabətində revmatizm və podaqra zamanı da müalicəvi vasitə kimi istifadə olunur.

Soyuqdəymə zamanı iltihab əleyhinə və hərarəti salmaq üçün yarı çay qaşığı sumaq bir fincan isti suda dəmlənir, bir qədər soyuyanda bal əlavə edilir və içilir. Sumaq ürək-damar sistemi xəstəliklərinin və insultun profilaktikasında əlverişlidir, xərçəng əleyhinə təsiri var. Sumaq sidik ifrazı sistemi iltihabları zamanı çox faydalıdır. Sumaq piylərin parçalanmasını sürətləndirir, onların orqanizmdə yığılmasının qarşısını alır. Şəkərli diabetdə bir çay qaşığı sumaq meyvəsi (bütöv halda), bir stəkan qaynar suda dəmlənir. Bir saat yer dəmi alandan sonra gündə 3-4 dəfə 1-2 xörək qaşığı içilir.

Ağız boşluğu, damaq iltihabları, damaqların qanaması zamanı sumağı isti suda dəmləyib, qarqara etmək lazımdır. İshal zamanı isə sumaq dəmlənməsi bağırsaqlara antiseptik təsir edir, mikrobları öldürür, bağırsaqları yığır. Sumaq orqanizmi toksinlərdən, şlaklardan, ağır metalların duzlarından təmizləyir.

Sumaq kəskin və xroniki qastiritlər, mədə şirəsinin turşuluğu çox olan mədə xorası xəstəliklərində əks təsir edir.

Maraqlıdır bu qədər qiymətli ədviyyat və dərman bitkisi olan sumaqdan mətbəximizdə çox az istifadə edir, (tək-tək istisnalar olmaqla) əkib-becərmirik. Bəlkə də Naxçıvanda sumaq məhsul vermir?

1727-ci ildə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri” tədqiqatçılar üçün bir çox sahələrin araşdırılmasında dəyərli mənbədir. Elə sumaq haqqında da burada dəyərli məlumatlar vardır. Əksər yaşayış məntəqələrindən sumaq vergisi alınması dəftərdə öz əksini tapıb. Bəzi tədqiqatlarçılar həmin dövrdə sumağın Naxçıvanda təbii halda bitdiyini, sadəcə toplayan adamlardan vergi alındığını söyləsə də, araşdırmalar göstərir ki, sumaq əkilib-becərilib.

İndiki Nehrəm ətrafı olan Qışlağat nahiyəsində Nehrəm, Tumbul, Qaraağac kəndlərindən sumaq vergisi alındığı halda, həmin ətrafda olan, təəssüf ki yerlərini  təyin edə bilmədiyimiz, həmin vaxt böyük kəndlər hesab edilən Qızılcaqışlaq, Badamqaya, Abdallı, Şeyx Həmşəli, Xəlifəli və s. kəndlərdən sumaq vergisi alınmayıb. Müasir Ordubad rayonu ərazisində cəmi 12 kənddən sumaq vergisi alınıb. Bist və Tividə sumaq vergisi olmadığı halda Biləvdə 2000 kq sumaq toplanıb.

Ümumiyyətlə, müasir Naxçıvan Muxtar Respublikasının ərazisində, Şərur rayonunu çıxmaq şərti ilə, 99 ton sumaq toplanıb. Mənbədə məhsulun 1/10 vergi formasında alınmış, məhsulun çəkisi natura formasında və dəyəri qeyd edilib. Hesablanan vergi kile (bir kile 23-25 kq olmuşdur) ilə göstərilir. Bu mövzu ilk dəfə işləndiyi üçün nahiyələr üzrə daha geniş məlumat vermək istərdik. Alınan vergini 10-a vurub istehsalı tapırıq.

Naxçıvan nahiyəsi 10 750kq, Əlincə nahiyəsi  22 250 kq, Sair Mərvazi nahiyəsi 12 500 kq,  Dərə Şahbuz nahiyəsi  8 000 kq, Mülkü Arslan nahiyəsi 7 750 kq, Qarabağ nahiyəsi 6 000 kq, Qışlağat nahiyəsi 3 750 kq, Azadciran nahiyəsi 15 000 kq, Dərənürgüt nahiyəsi 4 500 kq, Dərələyəz nahiyəsi 6 750 kq.

İndiki Şərur rayonu həmin  dövrdə  İrəvən əyalətinin tərkibinə daxil edildiyindən hesaba sala bilmədik. Əhali yaşamayan kəndlərdə toplanan verginin yalnız dəyər məbləği göstərildiyindən bu kəndlərdə də toplanan sumaq vergisinin miqdarı məlum olmadı.

Həmin dövrdə Naxçıvan ərazisində toplanan 100 tondan artıq sumağın harada istifadə edildiyi, hara göndərildiyi maraq doğurur. Görəsən, nə üçün naxçıvanlıların əsas gəlir sahələrindən biri olan sumağa maraq azalıbdır? Halbuki, muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunan 2019-cu ildə sahibkarlara  və torpaq mülkiyyətçilərinə öz ailə təsərrüfatlarını qurmaları üçün əlverişli şərait yaradılıb. Dövlətin maliyyə dəstəyi nəticəsində sumaq əkinlərini genişləndirmək, bu sahədə ixtisaslaşmış bir təsərrüfat qurmaq, hətta sumağı qablaşdırıb onun ixracını da təşkil etmək olar. Bu, ailə büdcəmizlə yanaşı, muxtar respublika iqtisadiyyatına da böyük töhfə vermiş olar.

Zaleh Novruzov

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: