Zabit olmaq istəyirəm

A- A A+

Hər kəs öz seçdiyi peşəsi ilə Vətənə xidmət edir. Lakin bütün peşələrin fövqündə dayanan bir peşə var ki, bu, Vətəni qorumaq peşəsidir. Ordumuzun memarı və qurucusu ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir”. “Ordum varsa, yurdum da var”- deyib atalarımız. Əgər Vətən qorunmasa, o ölkədə nə yüksək təhsildən, nə insanların sağlamlığından, nə də iqtisadi inkişafdan danışmaq olar. Bu gün Vətən sərhədləri etibarlı şəkildə qorunur deyə rahat və arxayın şəkildə hər kəs öz işinin başındadır. Düşmənlə sərhəddə yerləşən Sədərəkdə  həyat öz axarında davam edir. Sədərəkli şagirdlər Azərbaycan Ordusuna güvənərək rahatlıqla məktəbdə təhsil alırlar.

Günümüzün reallıqlarından biri də ilbəil hərbi təhsilə, hərb peşəsinə marağın artmasıdır. Milli qəhrəmanlarımızla, şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızla qürur duyan gənclik özünü yalnız hüquqşünas, həkim, müəllim görmür, həm də hərbçi görür, Tahir Məhərrəmov kimi. “Böyüyəndə kim olacam sualı ətrafında çox düşündüm. Digər sahələrlə müqayisə edərək özümü hərb sahəsində tapdım. Mənim atam da hərbçidir. Azərbaycan Ali Hərbi məktəbini bitirib. O mənim idealımdır. Lakin demək olmaz ki, məhz atama görə bu sahəni seçmişəm. Bu peşənin nə qədər çətin və məsuliyyətli olduğunu da görürəm. Ürəyimdə bəslədiyim Vətən sevgisi, Vətən müdafisəçisi olmaq istəyi mənim yolumu Heydər Əliyev adına Hərbi liseydən saldı. Hər kəsin həyatda bir məqsədi olur. Mən artıq məqsədimin astanasındayam və doğru yolu seçdiyim üçün özümlə qürur duyuram. Liseydə gündəlik rejim nizam-intizamdan tutmuş yüksək biliyə doğru hədəflənib. Tədris ilinin daha başlanğıcı olmasına baxmayaraq biz artıq buradakı nizam qaydalarına uyğunlaşmışıq”. “Ordumuz günü-gündən güclənir, müasir texnikalarla təchiz olunur. Peşəkar zabit olmağın yolu həm də yüksək təhsildən keçir. Hərbi liseydə yaradılan imkanlardan faydalanaraq biz də dərslərimizi yaxşı oxuyur, həm də idmanla məşğul oluruq”,-deyir Tahir Məhərrəmov.

Daha bir gəncimizlə, Hərbi liseyin I kurs kursantı Arif Məhərrəmovla həmsöhbət oluruq. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi olub. Hərbi liseyin fəaliyyəti ilə bağlı yazılan məqalələrdən, televiziya verilişlərindən xəbərdar olub. Məktəbin hərbi rəhbərinə müraciət edib. Onun bu seçimi məktəbdə yüksək qiymətləndiriləndən sonra qəti qərarını verib. “Bu qısa müddət ərzində lisey bizim üçün doğma ocağa çevrilib. Dövlətimiz hər bir şərait yaradıb. Zəngin kitabxanamız, idman zalı, laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər, demək olar ki, dərslərin yüksək səviyyədə tədrisi üçün bütün imkanlar mövcuddur.  Bura gələndən dəqiq fənlərə marağım daha çox artıb”.

Düşmənlərdən intiqamı özüm almaq istəyirəm,
Məsləkimi bilsin hamı, zabit olmaq istəyirəm.
Torpağını öz canından, varlığından əziz tutan,
Hər atəşi hədəfinə düz tuşlayıb sərbəst atan
Zabit olmaq istəyirəm.
Mərd əllərdə iti kəsən, ovxalanmış qılınc səsi
Haqq yolunda mətinləşən, fədakarlıq nümunəsi,
Zabit olmaq istəyirəm.

Peşəkar zabit olmaq istəyi Bağır Bağırzadənin də yolunu Hərbi liseydən salıb. Zabit olmaq istəyini poetik dillə bizə çatdıran Bağır Bağırzadə idman sahəsində də uğurları var. Bir neçə ildir ki, idmanın sərbəst güləş növü ilə məşğul olur. Liseydə idman dərnəyinin üzvüdür. Dəfələrlə Naxçıvan şəhərində keçirilən yarışların qalibi olub. Lakin onun hədəfi daha alidir. Üçrəngli bayrağımızı işğal altında olan torpaqlarda dalğalandırmaq qürurunu yaşamaq istəyir. Onunla sağollaşanda məqaləni haradan oxuya biləcəyini soruşdu. Səbəbini isə belə izah etdi: “Mən o yazını saxlayacağam. Vaxt gələcək, siz məndən yenə müsahibə alacaqsınız. Amma o zaman mən kursant yox, qalib bir zabit kimi sizinlə həmsöhbət olacağam”,- dedi. Hərbi liseyin məzunu, aprel döyüşlərinin iştirakçısı, baş leytenant Zülfü Rzayevlə Lələtəpədə  aldığım müsahibəni xatırladım. Niyə də olmasın? 16 yaşından isti ocağından, ata qayğısı, ana nəvazişindən ayrılıb özünü bu sahədə görən gəncləri Hərbi liseydə birləşdirən məqsəd də Vətən torpaqlarının müdafiəsi, işğaldan azad olunması deyilmi?

Bu il Heydər Əliyev adına Hərbi liseyə qəbul olan 144 kursantdan biri də Elşad Abdullayevdir. Ordubadın Dəstə kəndindəndir. Deyir ki, əmim oğlu Elmar Abdullayev liseyi bu il bitirdi. İndi Azərbaycan Ali Hərbi Məktəbinin I kursundadır. Hər dəfə kəndə gələndə onun geyindiyi formaya həsədlə baxardım. Kənddə hamıdan seçilirdi və qohumlar, qonşular ona hörmətlə, sevgi ilə yanaşırdı. VI sinifdən qarşıma məqsəd qoydum: Mən də hərbçi olacağam. Kəndimiz Vətənin müdafiəsi uğrunda Əli Əliyev, Qurban Nəbiyev kimi şəhidlər verib. O şəhidlərin qanı yerdə qalmayacaq!

Vüqar Əhmədov Naxçıvan şəhər 16 nömrəli məktəbin şagirdi olub. Liseyin məzunlarından olmuş qohumu Ülvi Hüseynzadə onda bu peşəyə marağı oyadıb. “Daha sonra məktəbimizdə elektron lövhəli siniflərdə tarix dərslərində nümayiş etdirilən azərbaycanlıların soyqırımı, Xocalı faciəsi ilə bağlı filmləri izlədikcə  düşmənə nifrət hissi yarandı. Vətənə xidməti seçdim. Yaşadığımız Əliabad qəsəbəsindən Bayraq meydanı görünür. Məktəbdən də müəllimlərimiz bizi dəfələrlə Naxçıvan şəhərinin ən hündür yerində inşa olunan Bayraq meydanı və muzeyinə aparıblar. İstəyirəm ki, bayrağımız  işğal olunmuş torpaqlarda dalğalansın. Səməd Vurğunun “Azərbaycan” şeirini çox sevirəm: “El bilir ki, sən mənimsən, Yurdum yuvam məskənimsən”. Qoy bütün dünya bilsin ki, Qarabağ Azərbaycandır və biz gec-tez o torpaqlarda bayrağımızı dalğalandıracağıq”,-deyir Vüqar Əhmədov. 

Əyyar Heydərov Kəngərli rayonunun  Qabıllı kəndində dünyaya göz açıb. Vətən, torpaq anlayışına bu yurd yerimizdə sahib olub. Anlayıb ki, Vətən geniş məfhumdur. Onu sevmək yetməz, həm də qorumaq lazımdır.

1998-ci ildən Naxçıvan şəhərində ilk hərbi təhsil ocağı kimi fəaliyyətə başlayan liseyi ötən dövrdə 3 mindən artıq kursant bitirərək ölkəmizdə və xaricdə ali hərbi məktəblərə qəbul olmuşdur. Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir.

Müqəddəs amal uğrunda artıq ilk addımlarınızı atmısınız, əziz kursantlar! Mətin addımlarla irəliləyin. Bilin ki, bu torpaq sənindir, mənimdir, bizimdir. Onu qorumaq şərəfi isə sizə nəsib olacaq. Bu şərəfli yolda, əziz gənclər, hər birinizə uğurlar arzulayırıq! Kursant Bağır Bağırzadə, səninlə müsahibəmi isə bitirmədim. Biz Şuşada  görüşəcəyik…

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: