Bu nəğməm sənədir, doğma Naxçıvan!

A- A A+

“Naxçıvan… Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsiylə ayrılmış qədim, ulu Vətən torpağı! Dadlı-duzlu, bərəkətli, cövhərli torpaq! Ulu tarixi abidələrin, böyük sənətkar, alim övladların - güvənclərin öz yerində! Sənin yenə də ümidin - Vətən eşqini  bayraq-bayraq  başı üstə qaldıran qaynar təbiətli, narahat ürəkli, ayıq-sayıq oğullarındır. Sənə tərəf çoxdan boylanan, indi isə yumruğuna dirənən yağı dişləri qıcana-qıcana qalıb. Sən gərildikcə, sıxıldıqca qranit yumruğa dönmüş Odlar torpağısan”.

Naxçıvan elinin Şərur torpağında yaşayan şair-publisist İbrahim Yusifoğlu  Naxçıvan Muxtar Respublikasının  yaranmasının 95 illiyi münasibətilə “Bu nəğməm sənədir, doğma Naxçıvan” adlı poema və silsilə şeirlər yazıb. Onlardan bir neçəsini oxucularımıza təqdim edirik.

Bütün istəyinə çatıb Naxçıvan                                             

Bu gün yer kürəsi öz məhvərində,

Ulu bir diyarla öyünür hər an.

Dünyanın döyünən düz ürəyində

Özünə yer tutub, durur Naxçıvan.

 

Tanrıdan pay gələn sərvət-varı var,

Tükənməz qoynunda gövhəri-zəri.

Boyca kiçik olan müqəddəs torpaq,

Bəxş edib cahana böyük Heydəri.

 

Elə o dühayla ən ağır anda,

Zamanla üz-üzə durdu Naxçıvan.

Heydər Əliyevin davamçısıyla,

Yeni günlərini qurdu Naxçıvan!

 

Qəlblər ovsunlayır torpağı, daşı,

Şəfəqə bələnir doğulanda dan.

Çox qədim olsa da tarixdə yaşı,

Gənclik libasını geyib Naxçıvan!

 

“Şərqin qapısı”dı, “Nuhun yurdu”du,

Nəsillər yaşayır “Gəmiqaya” da.

Məğrur “Əlincə”di, qalib ordudu,

Sədərək sınmadı düşmənə, yada.

 

Mənim Naxçıvanım Odlar Yurdunun,

Qeyrət qalasıdı, ər balasıdı.

Günəş qürub çağı büsbütün onun,

Çöhrəsi Şahbuzun dağ lalasıdı.

 

Bol nemət yetirən varlı elləri,

Kəhraba üzümlü, heyva, narlıdı.

Sevinc təknəsidi gələn illəri,

Ordubad bəhrəli, Şərur barlıdı.

 

Qoynunda çağlayan “Qızlar bulağı”,

Sevən ürəklərə məhəbbət ələr.

“Sirab”, “Badamlı” tək əvəzsiz varı,

Çoxları dərdinin dərmanı bilər.

 

Memar Əcəminin gənc nəvələri,

Tikirlər, qururlar, gözəlləşibdi.

Müstəqil günündən ta üzü bəri

Gözəl məmləkətə bərabər - birdi.

 

... Ay kimi nur saçar, ulduztək yanar,

Çiçək dənizidi qoynunda hər yan.

Onu hər kim görsə bəxtəvər sanar,

Bütün istəyinə çatıb Naxçıvan.

 

Şərurun

Dədə   Qorqud   gəzən  Oğuz elimdi.

Uludu  torpağı,  daşı  Şərurun.

Dili  Türkün  dili - ana  dilimdi,

Qədimdən-qədimdi  yaşı  Şərurun.

 

Burda   arxalanıb  dağlara  dağlar,

Dərın  dərələrdə  çayları çağlar.

Torpağı  göynəsə göyləri  ağlar,

Arpaçay  sayılır  qaşı  Şərurun.

 

Tanrı    özü  bilən  dərd göndəribdi,

Neçə  fəlakəti  sərt  göndəribdi,

Namərdin  önünə  mərd  göndəribdi,

Bəlalar  çəkibdi  başı  Şərurun.

 

Ürək  ovsunludu  baharı,  yayı,

Mavi   səmasında  Ulduzu,  Ayı.

Yoxsa da  sərvətdə   payızın  tayı,

Zərgər  naxışlıdı  qışı     Şərurun.

 

Gəzdikcə  görərsən  barlı  düzləri.

Zəhmətlə  nurlanan  gülər  üzləri.

Tanrı  yaradandan  ta  üzü   bəri,

Yeyilir  ellərdə  aşı Şərurun.

 

Yeraltı,  yerüstü  varı  tükənməz,

Zirvədən  qartalı ,  qarı  tükənməz ,

Çiçəyin  üstündən  arı  tükənməz ,

Ətrindən  tanınır  balı  Şərurun.

 

Min  büsat  qurulur hər  bucağında,

Güllər  ətir  saçır tər  qucağında,

Ömrünün  gəncləşən  səhər cağında,

Qəlblər  ovsunlayır   halı  Şərurun,

 

Dədə  Qorqud  gəzən  Oğuz  elidi,

Dili  ana dili-türkün  dilidi.

Məğrur  Naxçıvanın  “durna   teli”di,

Qədimdi,  uludu  yaşı  Şərurun.

 

Əlincə

Ürəkdə qan coşar, ilham çağlayar,

Bu qədim qalanı seyrə gəlincə.

Hər kəsi özünə qəlbən bağlayar,

Qurur mənbəyimiz məğrur Əlincə.

 

O adi dağ deyil, Nəqşicahanın,

Bütövlük, mətinlik, güc simvoludu.

Namərdlər önündə dik tutub başın,

Əyilməzlik rəmzi, haqqın yoludu.

 

Əlincə ən acgöz, zalım şahları,

Tanrıdan güc alıb, bələyib qana.

Bədniyyət, qaniçən Miranşahları

Qoymayıb illərlə girə qoynuna.

 

Qalada igidlər döyüş anında,

“Cəngi” səsləndirib, söz söyləyiblər.

Kimin gücü olub hələ canında,

Düşmənin üstünə od ələyiblər.

 

Burda sipər olub hər daş, hər qaya,

Düşmənin yolunu bağlayıbdılar.

Barıt qarışsa da torpağa, çaya,

Güllər öz ətrini saxlayıbdılar.

 

Daha qorxusu yox yad qüvvələrdən,

Bu yurda göz dikmək çətinləşibdi.

Bugünkü qayğıdan, saf məhəbbətdən,

Əlincə daha da mətinləşibdi!

                              

Günnütüm

Şərur rayonunun 26 il ermənilərin nəzarətində qalan Günnüt kəndinin azad olunması münasibəti ilə yazılan şeir

Salam, Oğuz  eli, Vətən torpağı,

Salam, Dədə Qorqud gəzən  Günnütüm.

Düşmən caynağında qalan çağları,

Halı qəlbimizi üzən Günnütüm.

 

Sən türk torpağısan, türk dillisən sən,

Babam Xətainin sevdiyi yersən,

“Koroğlu”  zağalı  tarixsən, sirsən-

Həm dağlı, təpəli, düzən Günnütüm.

 

Ömrün şən nəğməli gənclik illəri,

Dərdik qoynundakı əlvan gülləri.

“Başbulaq” başında atıb dərd-səri,

Süfrəyə bal, qaymaq düzən Günnütüm.

 

Gəlmişik, sarılaq bu gün boynuna,

Gəlmişik, son qoyaq namərd oynuna,

Kövrəlmə, yaxşı bax coşan qoynuna,

Nəvələr əl tutub süzən Günnürüm.

 

Əsgər oğulların “Qızılqaya”da,

Baxırlar Arpaya, Arpaçaya da,

Düşmən  gizlənsə də hində, tayada,

Dinərsə, olacaq süzən, Günnütüm.

 

Küskün taleyinlə barışacaqsan,

Doğma el-obana qarışacaqsan,

Cocuq-Mərcanlıyla yarışacaqsan-

Milli naxışlarla bəzən, Günnütüm.

 

…Salam, Naxçıvanın əzəl toprağı,

Salam, Xan çinarın solmaz yaprağı,

Ən uca zirvəndə Vətən bayrağı -

Düşməni köksündən əzən Günnütüm,

Qeyrəti  dillərdə gəzən Günnütüm!                                   

                                                                                                                                               

 

 

                   

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: