7 dərdin dərmanı – alma

A- A A+

İnsanların  alma ağacı ilə tanışlığının  tarixi təxminən  4 min il bundan əvvələ gedib çatır. Vətəni Kiçik Asiya hesab edilsə də, alma ağacı buradan Yaxın Şərq ölkələrinə, Misirə, Qədim Yunanıstana və Romaya aparılıb. Tarixi mənbələrə görə, Misir fironlarının böyük alma bağları olub, onlar hər səhər məbədlərə alma ilə dolu zənbillər göndəriblər.

Almanın faydalı xüsusiyyətlərini, demək olar ki, hamı bilir. Qədim yunan həkimi Hippokrat almadan mədə-bağırsaq, ürək və böyrək xəstəliklərinin müalicəsində istifadə edib. Hazırda Şimal yarımkürəsində yaşayan insanların qida rasionunu almasız təsəvvür etmək mümkün deyil. Alma mövzusu həm də dünya xalqlarının adət-ənənələrində, folklorunda və mədəniyyətində geniş yer tutub, ta qədimdən onların mifoloji təfəkkürünə daxil olub.

Belə hesab edirlər ki, almanın adətən tam yumru forması özündə dünyanı, qızılı və al rəngi - gözəlliyi, sağlamlığı, gəncliyi, hamar və ipək kimi qabığı - sirləri və zənginliyi, şirinliyi və ətri isə həzz və məmnunluq duyğularını əks etdirir. Onun latınca adının mənası “cənnət meyvəsi” deməkdir. Xalqımızın  qədim mifologiyasında alma məhsuldarlığı təmsil edirdi. Yeni evlənənlərin bir-birinə alma hədiyyə etməsi sevgi, bölüb birlikdə yeməsi ilə nəsil törətmək, murada çatmaq və ya çatdırmağın rəmzləri idi. Başdan ayağa müsbət enerji daşıyan və ilk epizodlarından tamaşaçıya xoş əhval-ruhiyyə bəxş edən “Alma almaya bənzər” kinofilminə çətin ki, baxmayan olsun. Elə həmin filmdə Qurban və Mədinənin almanı ağac altında bölüb birlikdə yeməkləri, filmin başqa bir qəhrəmanı, yeddi qız atası Aşurun almanı tibb bacısı ilə doğum evinin palatasında yatan xanımına göndərib “ona deyin, məni muradıma çatdırsın” söyləməsi bu meyvənin azərbaycanlıların mifoloji təfəkküründə də dərin kök saldığından xəbər verir.

Alma həm də gənclik və ölümsüzlük simvoludur. Belə bir deyim var: “Hər kəs çox yaşamaq istəyir, lakin qocalmaq istəmir”. Qədimdə belə hesab edirdilər ki, alma meyvəsi möcüzəvi xassəyə malikdir; dünyanın o başında yerləşən bağda yetişən “qızılı”  almalar onu yeyənlərə əbədi gənclik bəxş edir. “Məlikməmmədin nağılı”nda Məlikməmməd padşah atası üçün uzunömürlülük simvolu olan alma dərməyə  gedir.

Məşhur ingilis alimi İsaak Nyutonun ümumdünya cazibə qanununu kəşf etməsi əhvalatı hamıya məlumdur. O, ahıl yaşlarında səmimi etiraf edib  ki, qanunun kəşfinə alma ağacının altında oturduğu zaman meyvənin onun başına düşməsi stimul verib. Alim düzgün hesab edirdi ki, meyvənin yerə düşməsinə səbəb Yerin cazibəsidir. Həm də bu qüvvə yerə düşən cisimlərin kütləsindən və onların arasındakı məsafədən birbaşa asılıdır. Eyni əhvalatın Molla Nəsrəddinin lətifələrindən də  hamı yaxşı xatırlayır. Molla ingilisdən fərqli olaraq eyni fiziki hadisəni yalnız gülüş doğuran atmacası ilə izah edir: “Başıma qarpız düşsəydi, gör nə olardı!”.

Qızıl payız artıq ömrünü ağ örpəkli “torpağa tapşırdı”.  Bazarlarda piştaxtalar Naxçıvan torpağının barlı-bəhərli bağlarından yığılmış alma meyvəsi ilə doludur. Qızılı rəngli, alyanaqlı və tam qırmızı almalar alıcısının yolunu gözləyir.

Almanı mütləq günlük qida rasionunuza daxil edin. Əminliklə demək olar ki, alma orqanizmi cavanlaşdırır, sağlamlıq və gözəllik  bəxş edir. 150 q almada olan faydalı maddələrin miqdarına baxın: kalori – 86 kkal, zülallar 0,4 q, yağlar 0,5 q, şəkərlər 20 q, kalsiun 8 mq, fosfor 3 mq, dəmir 0,7 mq, vitamin A 120 BV, vitamin C 6 mq, orqanizmdə bədxassəli törəmələrin qarşısını alan antioksidantların zəngin tərkibi və s.

      Müəyyən edilib ki, hər gün yeyilən bir alma insanı 7 xəstəlikdən xilas edir. Müalicəvi xassəli maddələrin yüksək miqdarı almanın qabığında daha çox toplanır, ona görə də almanın qabığını soyub yeyənlər çox şey itirir. Həkimlər belə hesab edirlər ki, almanın köməkliyi ilə insan bir sıra xəstəliklərin qarşısını ala bilər.

Almanın lətindəki dəmir elementi qanda oksigen daşıyıcısı olan hemoqlobinin miqdarını artırır. Meyvə qan azlığında çox faydalıdır.

Alma tərkibindəki zəngin mineral və vitamin tərkibi ilə orqanizmə qüvvət verir, qan-damar sisteminin və beynin fəaliyyətini yaxşılaşdırır.

Alma qan təzyiqi olanlara çox faydalıdır, meyvə orqanizmdən artıq duzu və suyu qovub çıxardır, təzyiqin aşağı düşməsinə şərait yaradır. Xəstələrin hər səhər heç olmasa bir meyxoş alma yeməsi məsləhətdir.

Bu meyvə tərkibindəki üzvi turşuların hesabına həzm prosesini yaxşılaşdırır, ödün və həzm şirəsinin ifrazını yüksəldir. Ac qarına yeyilmiş alma iştahanı artırır.

Artıq çəkidən qurtarmaq üçün alma ən yaxşı pəhriz yeməyidir. Belə hesab edirlər ki, fasilələrlə bir müddət alma, qara çörək və qatıq yeməklə artıq çəkidən qurtarmaq olar.

Alma qandakı bəd xolesterini əridir. Müşahidə edilib ki, 2 həftəlik alma pəhrizi bu maddənin qandakı miqdarını düz 30% aşağı salır, damarları təmizləyir.

Tədqiqatlarla  Naxçıvan bağlarında 2 alma növünün 82 sortu və 22 formasının yayılması təsdiq edilib. Qonşu ölkələrdən gətirilmiş məhsuldar sortlar da ehtiyatla yeni şəraitə introduksiya edilir, becərilir. Sahəsi ildən-ilə genişlənən alma bağlarında Tabaq alma, Toz alma, Naxçıvan gözəli, Ordubadi, Gəlin alma, Stəkanvari, Qəndil sinab, Qızıl Əhməd, Darağı, Təkər alma, Rozmarin, Papirovka, Şampan reneti, Belflor, Smirenko və s. sortlar geniş əkilib becərilir, məhsuldar sortların seleksiyası işləri aparılır.

Soyuq və uzun qış günlərində süfrələrinizdən al yanaqlı Naxçıvan almasını əskik etməyin... Nağılların sonunda göydən düşən üç alma kimi...                                                                             

Akif  Bayramov

AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı

                                                                                 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: