Nəzərinizə çatdıraq ki, bəzi hallarda körpələrdə zökəmin müalicəsi onlara yalnız ziyan gətirə bilər.
Bu xüsusilə 1 yaşına kimi olan uşaqlara aiddir. Bu yaş qrupuna aid uşaqlarda fizoloji zökəm, "diş" zökəmi və hətta yalançı zökəm ola bilər.
NUHÇIXAN "9 месяцев" jurnalına istinadən xəbər verir ki, bu üç növ zökəm müalicə tələb etmir, uşağın sağlamlığına ziyan vurmur və özü özündən keçir.
Fizioloji zökəm
Bəzən valideynlər 2-3 aylıq körpədə burunun axmasını müşahidə edirlər. Bu hal valideynlərdə ciddi narahatçılığa səbəb olur, onlar fikirləşir ki, körpə soyuqlayıb, xəstələnib. Lakin əksər hallarda bunun səbəbi soyuqdəymə deyil, körpənin fiziologiyasıdır. Körpələrin selikli qişaları yeni - "quru" mühitə öyrəşir. Bunun üçün körpənin orqanizmi selikli qişaları gah daha quru, gah da daha nəm edir ki, bunun nəticəsində uşaqda zökəmə bənzər vəziyyət yaranır - uşağın burnu axır.
Belə zökəm müalicə tələb etmir və özü özündən keçir. Bu halda müalicə körpəyə yalnız ziyan gətirə bilər. Zökəmə qarşı damcılar selikli qişanı qurudacaq və uşağın orqanizmi yanlış məlumat alacaq ki, selik azdır və onu əlavə olaraq ifraz etmək lazımdır. Nəticədə seliyin ifrazı daha da artacaq.
Əgər 2-3 aylıq və daha kiçik uşaqda zökəmdən əlavə xəstəliyin heç bir digər əlamətləri yoxdursa (hərarət, öskürək və s.), bu, çox güman ki, fizioloji zökəmdir.
Uşaq olan otağın havası çox quru və isti olmamalıdır ki, bu selikli qişaların funksiyasını pozur. Həkimin məsləhəti ilə körpənin burnuna dəniz suyunun əsasında olan xüsusi burun damcıları və ya fizioloji məhlul damızdırmaq olar. Bu selikli qişaları yumşaldacaq və nəmləndirəcək.
"Yalançı" zökəm
Təxminən 3 ayında körpələr bütün ətrafda olan əşyaları ağzına aparır və bu üsulla ətraf aləmi öyrənməyə çalışırlar. Bu zaman uşaqda ağız suyunun ifrazı kəskin artır. Selik və ağız suyu burun-udlaq nahiyəsində yığılır və nəticədə uşağın burnu axır. Buna "yalançı" zökəm deyilir.
Bəzən qusma zamanı qidanın kiçik hissəsi burun yollarına düşür. Turş mədə şirəsindən burunun selikli qişasını qorumaq üçün çoxlu miqdarda selik ifraz olunur və nəticədə körpədə zökəmə bənzər vəziyyət yaranır. Bu körpənin sağlamlığı üçün təhlükəli deyil.
"Diş" zökəmi
Dişlərin, xüsusilə yuxarı dişlərin çıxması zamanı əksər körpələrdə zökəm əmələ gəlir. Belə zökəm hərarətin artması, öskürək, ishal və s. kimi simptomlarla müşayiət olunmur. Sadaladığımız simptomlarla müşayiət olunan zökəm hər hansı xəstəliyin simptomudur və belə zökəm və həmçinin ona səbəb olan xəstəlik müalicə olunmalıdır.
Böyüklər üçün zökəm təhlükəli deyil. Lakin körpələr üçün bu təhlükəli ola bilər
Körpələrin burun yolları dardır, burunun həcmi kiçikdir ki, bunun nəticəsində burun çox tez seliklə qapanır. Nəticədə uşaq burunla nəfəs ala bilmir. Bu isə körpəyə ananın döşünü əmməyə və ya suni qida yeməyə imkan vermir və uşaq qidadan imtina edir.
Seliyin normal ifrazının pozulması durğunluğa, mikrobların çoxalmasına və iltihaba səbəb olur. Uşaqlarda evstaxi borusu (burun və qulaq boşluqlarını birləşdirir) çox kiçikdir və nəticədə mikroblar burundan asanlıqla qulağa düşür və burada iltihaba (otit) səbəb olur. Otit körpədə çox ağır fəsadlar verə bilər.