Hələ may ayının 16-da Naxçıvan Muxtar Respublikasına səfər zamanı ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərbi təyinatlı obyektlərin açılışı zamanı düşmənə çox ciddi bir mesaj verdi: “Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”. Yəni fikir verin. Bu tarixi çıxışın üzərindən bir ay belə keçməmiş, Əlahiddə Ümumqoşun Ordusu tarixi nailiyyəti və qələbəsi ilə düşmənə sarsıdıcı bir sillə vurdu. Maddi-texniki təminatı və şəxsi heyətinin döyüş hazırlığı ən yüksək səviyyədə olan Naxçıvan Ordusu sözdə yox, əməldə özünü sübut etdi. Şərur rayonunun Günnüt kəndini erməni təcavüzündən azad etməklə 26 illik həsrətə, nisgilə, nigarançılığa bir dəfəlik son qoydu.
İyun ayının 8-də Nuhçıxan İnformasiya Agentliyinin və Naxçıvan Televiziyasının əməkdaşları maraqlı reportajları ilə hadisə yerindən geniş tamaşaçı auditoriyasına səslənərək üçrəngli bayrağımızı açmaqla zəfər müjdəsini yetişdirdilər. Düşmən tapdağında xiffət çəkib qocalan, erməni vandalizmi, vəhşəti qəlbinə xəncər kimi saplanan Günnütə Azərbaycan əsgəri və burda qaldırılan bayraq sayəsində Günəş doğdu. Təxminən 100 il öncə pozulmuş tarixi ədaləti əlində ən müasir atıcı silahları, qəlbində bitib-tükənməyən Vətən sevgisi olan Azərbaycan əsgəri bərpa etdi. İstər aprel döyüşlərində, istərsə də Günnüt Qələbəsində bütün dünya ictimaiyyətinə sübut etdik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək iqtidarındadır. Lakin regionda sülhün, təhlükəsizliyin qarantına çevrilən Azərbaycan qan tökmək istəmir. İstənilən halda bu zəfərlər üç-beş günün nailiyyəti deyil. Bu, Azərbaycan Prezidentinin münaqişə ilə bağlı yürütdüyü uğurlu siyasətin qələbəsidir, orduya göstərdiyi diqqətin təzahürüdür. Və bununla da düşmənin hərbi və siyasi rəhbərliyinə Naxçıvandan bir daha barmaq silkələndi. Yəni ermənilər işğalçılıq niyyətlərindən, məkrli planlarından əl çəkməsələr, bu cür məğlubiyyətlər onlar üçün hələ çox olacaq.
Bu günlərdə “Nuhçıxan” İnformasiya Agentliyindən Günnütdə minaların təmizlənməsi prosesinə başlanması ilə bağlı verilən xəbəri oxudum. Bu o kəndin gələcək parlaq taleyi üçün dövlətimiz tərəfindən atılan ilk addım kimi dəyərləndirilməlidir.
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru