Naxçıvanda yeni tarixin başlandığı gün

A- A A+

Tarix yaşanmış şərəfli keçmiş olsa da, onu insanlar, yəni şəxsiyyətlər yaradır.  O şəxsiyyətlər ki, onlar öz iradəsi, qətiyyəti ilə nəhəng bir çarxa bənzəyən tarixin “təkərinin” istiqamətini xalqa, millətə, dövlətə xidmət edəcək yönə çevirə bilirlər.

Əgər müstəqil Azərbaycanın tarixi 1993-cü ilin 15 iyunundan, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin ikinci dövrü ilə  başlayırsa, onun bir hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişaf, tərəqqi, hər sahədə sürətli sıçrayış tarixi 1995-ci ilin dekabrın 16-dan hesablanmalıdır. O zaman, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilən gənc deputat, Heydər Əliyev məktəbinin ən layiqli davamçılarından olan Vasif Talıbov şəxsiyyəti blokada şəraitində, ölkə başçısı cənab İlham Əliyevin dediyi  kimi, 3 tərəfdən düşmənlə əhatə olunan Naxçıvanda yeni inkişafın təməlini qoydu. Onu bu mühüm vəzifəyə seçməklə, əslində qazanan seçicilər və birbaşa xalq oldu. Çünki, Naxçıvanın  o vaxt ki mənzərəsi  iqtisadi çətinliklər, hər sahədə həllini gözləyən problemlər, blokada adlanan “dəhşətli kabus”la yadda qalıb. Amma yenə də insanlarda gələcəyə inam və sabaha ümid var idi. Bunu isə ulu öndər Heydər Əliyev apardığı ordu quruculuğu, müdafiə işləri, aqrar islahatları ilə naxçıvanlıların qəlbində yaratmışdı. Naxçıvanda  isə həllini gözləyən  problemlər saymaqla bitəsi deyildi. Yenicə müstəqillik qazanan və eyni zamanda müharibəyə cəlb edilən Azərbaycan üçün Naxçıvana yardımlar etmək müşkül məsələyə çevrilmişdi.  Bu torpağı göydə Tanrı, yerdə isə  Heydər Əliyev şəxsiyyəti və sevgisi qoruyurdu. 1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisində olan seçim bu çətin günlərin gələcəyində görünən parlaq işıq idi. Bu seçimdə elan olunan gələcək yol isə artıq təkcə istiqamət deyil, həm də böyük işlərin reallaşması üçün atılan addımlar idi.

Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”,- bu tarixi ifadə Naxçıvanı bundan sonra da ən sərt buzları yaran gəmi kimi çətinliklərdən keçərək sabaha aparan yolunun istiqaməti idi.

Naxçıvan az bir zamanda seçilən düzgün siyasi yolun nəticəsində sürətli inkişafa qədəm qoydu. İndi o günlərlə bugünkü iqtisadi, sosial, mədəni tərəqqini müqayisə edəndə, əsrin dörddə birində  muxtar respublikanın göstəriciləri hətta ,böyük   dövlətlərin statistikası ilə müqayisə ediləcək dərəcədə irəlidədir. Bu gün bütün bəşəriyyət üçün ən həssas məqam olan sabitlik, artıq Naxçıvan üçün yaşanan reallıqdır. Halbuki, yaxın coğrafiyamızda, regionumuzda gedən proseslər, gərginlik hamıya yaxşı məlumdur. Bütün bunların fonunda Naxçıvanın sürətlə iqtisadi inkişafı təbii ki, Ali Məclis Sədrinin iradəsi və qətiyyəti ilə xarakterizə olunur. Təkcə daxili sabitlik və tərəqqi deyil, qonşu ölkələrlə (təbii ki, işğalçı Ermənistan istisna olmaqla) qurulan dostluq və əməkdaşlıq, hətta, bir nümunə olaraq göstərilə bilər. 

24 il əvvəllə bu günü müqayisə edəndə, qarşıya çıxan rəqəmlər heyrət doğurur:

-muxtar respublikada 2019-cu ilin yanvar-oktyabr aylarında 2 milyard 234 milyon 729 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4883,6 manat olub.

-2019-cu ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 850 milyon 973 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 792 milyon 216 min 500 manatı və ya 93,1 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

-bu dövrdə 409 milyon 327 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 20451,5 ton, süd istehsalı 78398,2 ton olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı isə 1,5 faiz artıb…

Bu rəqəmləri istənilən sahədə təqdim etmək olar. İndi Naxçıvanda 383 adda məhsul istehsal olunur. Bu isə o deməkdir ki, ərzağa və digər sahələrə olan tələbat yerli istehsal hesabına təmin olunur.

Bu gün dünyada ordu quruculuğundan  sonra ən mühüm sahələr ərzaq və enerji təhlükəsizliyidir. Bunu nəzərə alsaq, artıq Naxçıvan Muxtar Respublikası əgər 2003-cü ildə 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edib.

1995-ci il dekabrın 16-dan bu günə qədər Naxçıvanda görülən işlərlə bağlı faktlar və rəqəmlərin siyahısını sonsuza qədər uzatmaq olar. Bu gün muxtar respublikaya gələn qonaqlar və turistlər buradakı reallıqları sadəcə möcüzə adlandırırlar. Blokada şəraitində yaşayıb, ancaq o kəlməni çoxdan unudan Naxçıvanda bu möcüzənin sirrini  Ali Məclis Sədri cənab Vasif Talıbov səsləndirdiyi bir fikirdə çox gözəl açıqlayıb:   

Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar”.  

                                                         Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: