Azərbaycanın ürəyidir Naxçıvan - VİDEO
(Tanıtım filminin mətni)
Beş minillik tarixin ərmağanı, qədim mədəniyyət ocağı, füsünkar təbiət mənzərələri ilə əsrarəngiz cənnət məkan, Azərbaycanın döyünən ürəyidir Naxçıvan.
(Musiqili kompozisiya 10-15 saniyə)
Uca dağları, möhtəşəm Gəmiqayası ilə yaşıd folkloru, milli dəyərləri, zəngin mətbəxi ilə dillər əzbəridir bu diyar.
Gecələr darıxdığınızda Nuhun gəmisinə minin, “dünya tufanı”nın səsini dinləyin... Naxçıvan sizi minilliklərin o tayına aparacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sirrindən, İslam və Avropa mədəniyyətinin beşiyi olmasından söz açacaq, Əmir Teymurun Əlincəyə 14 illik qara sevdasından danışacaq.
Naxçıvan dastanını dinlədikcə nənələrimizin soyuq qış gecələrində isti soba başında söylədikləri doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu diyarda. Müharibələr, işğallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar ard-arda düzülüb sizi minlərlə tarix və mədəniyyət abidəsindən salamlayacaq. Onuncu əsrdə yaranmış Naxçıvanşahlığın, 12-ci əsrin intibah beşiyi Atabəylər dövlətinin, 18-ci əsrdə Naxçıvan xanlığının, 20-ci əsrdə isə Araz-Türk cumhuriyyətinin mərkəzi, paytaxtıdır Naxçıvan... Şəmsəddin Eldənizin sarsılmayan taxtı, Kalbalı xanın vətənpərvərliyi və qüruru, Hüseyn xan Naxçıvanskinin böyük sədaqəti, Cəmşid xan Naxçıvanskinin sərkərdə ləyaqəti, Araz çayının nisgili, Haçadağın vüqarıdır...
1921-ci ildə imzalanan beynəlxalq Moskva və Qars müqavilələri ilə Azərbaycanın tərkibində Muxtar dövlət statusu əldə edən bu diyar və onun sakinləri böyük hünər göstərərək düşmənlərə qalib gəlmiş və Odlar Yurdunun ayrılmaz bir parçası kimi əbədi yüksəliş yoluna çıxmışdır. 1920-ci ildə qədim diyar Zəngəzurun Ermənistan tərəfindən işğalından sonra Azərbaycanın əsas ərazisindən ayrı düşərək blokadada qalmasına baxmayaraq, min bir məhrumiyyətlərə sinə gərmiş, öz varlığını qorumuş və inkişaf edib çiçəklənmişdir.
20-ci əsrin 90-cı illərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin mərkəzi olan Naxçıvan həm də dünya tarix və siyasi səhnəsinə bəxş etdiyi ümummilli lider Heydər Əliyev kimi görkəmli şəxsiyyətlərin vətənidir. Dədə Qorqud hikməti, Şah Xətai qılıncı, Fəzlullah Nəimi hikməti, Cəlil Məmmədquluzadə ucalığı, Hüseyn Cavid bəşəriliyi, Məhəmməd Tağı Sidqi mütəfəkkirliyi, Məmməd Səid Ordubadi romançılığı, Bəhruz Kəngərli fırçası, Yusif Məmmədəliyev dahiliyi, Naxçıvanskilər qəhrəmanlığı, Məmməd Araz qələmidir...
Qısa keçid 5-10 saniyə
Böyük şəxsiyyət Heydər Əliyev bu torpaqda təkcə tarix yazmayıb, O, həm də tarixi yaradıb... Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə bu diyardan başlayıb, Xalq cumhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağını 70 il sonra Nuh yurdunda səmalara ucaldıb. Ona görə də, Naxçıvana gələn qonaqlar ilk olaraq Heydər Əliyev muzeyindən öz səyahətlərinə başlayırlar. Dövlət Bayrağı, Tarix, Ədəbiyyat, Xatirə muzeyləri, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Arazın, Cəmşid Naxçıvanskinin ev muzeyləri, Bəhruz Kəngərli muzeyi, “Xan Sarayı” muzeyi, Xalça muzeyi, Açıq Səma Altında Muzey, rayon mərkəzlərindəki tarix-diyarşünaslıq muzeyləri Naxçıvanın tarixinin, ədəbiyyatının, mədəniyyətinin daşlaşmış səhifələrini vərəqləyir, turist və qonaqları keçmişə səyahətə aparır. Bu yurdu kəlmə-kəlmə, misra-misra anladırlar. Nuh Peyğəmbərin məzarüstü türbəsi, “Naxçıvanqala”, “Əlincəqala”sı, “Möminə Xatın” türbəsi, “Gülüstan” türbəsi, “Qarabağlar” türbəsi, xanəgahları, buzxanaları, qədim hamamları ilə tarixin və mədəniyyətin özüdür Naxçıvan... Böyük İpək Yolunun mərkəzi, bu yol üzərindəki qədim tarixi körpülərin - Aza, Biləv, Qazançı körpülərinin vətənidir...
(Musiqili kompozisiya 15- 20 saniyə)
Bütün bunların fonunda müasir universitetləri, kitabxanaları, kinoteatrları, yaşayış binaları, park və xiyabanları, müasir tikililəri ilə qədimliklə müasirliyin çiyin-çiyinə mənzərəsini seyr edəcəyiniz məkandır Naxçıvan. Bölgənin mühüm elm və tədqiqat mərkəzidir... O həm də İslam Mədəniyyətinin beşiyidir. Qədim imamzadələr, məscid və pirlər, Ulu Yaradanın şah əsəri olan və adı müqəddəs Qurani-Kərimdə çəkilən “Əshabi-Kəhf” ümidlərin, pənahların, niyyətlərin, arzuların ünvanıdır...
(Musiqili kompozisiya 10-15 saniyə)
Bir az riqqətə gəlib qol qaldırıb rəqs etmək istəsəniz yolunuzu Şərurdan, Şahbuzdan salın. Çünki, Naxçıvan yallıların Vətənidir. YUNESKO tərəfindən qorunan yallılar Azərbaycan xalqının etnoqrafik güzgüsüdür.
Naxçıvan həm də sağlam və intellektli gənclərin şəhəridir, Azərbaycanın gənclər paytaxtıdır. Onlarla Avropa və dünya çempionları, istedadlı şahmatçı və qroysmestrlər yetişdirən müasir məkandır. Son illər tikilən kitabxanaları, kinoteatr, müasir otel və istirahət mərkəzləri, kafeləri, park və xiyabanları ilə göz oxşayan Naxçıvan gənclərlə bərabər yaşlı insanlara da qayğı bəsləyir, sayğı göstərir, öz qonaqlarını gülər üzlə, duz-çörəklə qarşılayır. Onlara güllərin-çiçəklərin ağuşuna aldığı park və xiyabanlarda gözəl istirahətli xoş saatlar yaşadır.
Cəmi 5,5 min kvadratkilometr ərazisi olan bu diyar möhtəşəm təbiəti və iqlimi ilə ruh oxşayır. Düzənliklərdə isti quru-çöl iqlimi hökm sürərkən, dağlıq ərazilərdə dağ-tundura iqliminin sərinliyi yaşanır.
Təbiətin bütün rəng tonlarını dağına-çəməninə səpən, doyumsuz gül-çiçəyi, buz bulaqları, heyrətamiz havası ilə qonaqlarını salamlayan Batabatın, Göygölün anasıdır Naxçıvan. Dünyanın ən rəngli dağ və kanyonları dağ-səyahət turizmi üçün idealdır.
Ərazinin üçdə ikisini dağlar tutur. Uca dağlarının zirvəsi buludlarla öpüşən, günəşə, aya sevdalanan bir diyardır Naxçıvan. Yayda bol günəş, qışda ağappaq qardı Nəqşicahan... 200-dən çox sağlamlığa faydalı, süfrələrin bəzəyi olan bulaqlar çağlayır bu diyarda.
Naxçıvan şəfa ocaqları ilə məhşur olan, həm də təbii və mineral sular muzeyidir. “Badamlı”sı, “Sirab”ı, “Nəhəcir”i, “Gülüstan”ı ilə dünyanı gəzən bir bəxtəvərdir Naxçıvan.
Möcüzəli istisu olan “Darıdağ” min illərdir ki insanlara şəfa paylayır. Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkənləri isə Duzdağ mağaralarında görmək olar. Burda yaradılan Fizioterapiya Mərkəzi yerin dərinliklərindəki duz mağaralarında ən müasir xidmətləri ilə dillər əzbəridir. Bu duz qalareyasına gələnlərə bir udum nəfəslə şəfadır Naxçıvan.
Naxçıvan həm də bir Batabat füsünkarlığıdır. Təbiətin min rəngi, səpsərin havası, Zor bulağı, Üzən adası, Biçənək mağaraları, Batabat rəsədxanası və Fərhad evidir... Möminə xatın məhəbbəti ilə ucalan 8 əsrlik bir sevgi dastanıdır Naxçıvan...
(Musiqili kompozisiya 10-15 saniyə)
Dağlarının-dərələrinin yetirib-bitirdiyi saysız-hesabsız nemətlərin hər biri unudulmaz damaq dadıdır. Bağ-bağatlarının bu yerlərin bol oksigenli, təmiz havasından, saf suyundan ərsəyə gələn yüz çeşidli meyvəsi-alması, heyvası, göycəsi, cəvizi, badamının dadı-tamı bir başqa, görünüşü bir başqadır. Torpaqdan boy verən min adda, min bir dadda, hər biri bir dərdin dərmanı olan bitkilərin-kəklikotunun, həmərsinin, yemişanın, baldırğanın, yarpızın, nanənin, qantəpərin, vətənidir Naxçıvan. Təbiət gözəli, qoruqlar şəhəri və ziyalılar yurdu Ordubadla qürur duyan, Şahbuzunun hüsnünü oxşayan, alınmaz qalası Sədərəklə öyünən, Culfasını Arazın nəğməsi ilə böyüdən, Babəkinə xalq qəhrəmanının adını verən, Kəngərlisini-sonbeşiyini bağrına basan müqəsddəs anadır Naxçıvan.
Bu yurdun zəhmətsevər, toprağına, elinə bağlı insanlarının həmdəmidir Naxçıvan. Köksündə əkinçiyə-biçinçiyə yer verən, taxıl zəmisi, ətirli təndir çörəyidir, göz işlədikcə uzanan, insanların bir qoyub min götürdüyü bərəkətli torpaqdır Naxçıvan.
Dağlarının, düzlərinin min adlı, min bir dadlı nemətləri ilə hər bir sakininə ruzi payı ayıran ata ocağıdır Naxçıvan.
Ulu Tanrınınn insanlara ərməğanı olan arıların vurulduğu, aşiq olduğu məkandır Naxçıvan. Ordubadın limonu, Şahbuzun balı, qaymağı, şoru, kərəsi, Şərurun bol meyvəsi, Sədərəyin üzümü, doşabı, bəkməzi, Babəkin təndir çörəyidir... Yaylaqlarında qoyun-quzusunun bol südünü yağa, pendirə, qatığa, şora çevirən zəhmətsevərlərin ehtiyacıdır Naxçıvan.
Təbiətinin min bir ilməsini öz xalçalarına edən sənətkarlar yurdu, milli ornament, buta qucağıdır Naxçıvan. Qonaqpərvər, xoşxasiyyət insanların yurdudur bu diyar. Milli mətbəxinin məşhur ət qovurması, əriştəsi, qayqanağı, qaysavası, kətəsi, lavaşı, çaşırı, baldırqanı, çeşid-çeşid kababları, daş küftəsi, pitisi, Ordubad qayğanağı, turşu və ağartısıyla vaz keçilməyən damaq dadıdır Naxçıvan.
(Musiqili kompozisiya 10-15 saniyə)
Bu diyar həm də bir “Ana dili” abidəsidir... Tarixini, mədəniyyətini həm də xidmət sahələrində yaşadır... Müasir alış-veriş mərkəzləri ilə qonaq və turistlərin xidmətində dayanır. Naxçıvan turistlərə yanlarında heç bir bələdçi olmadan özündən söhbət aça, danışa bilir. Beynəlxalq hava limanında təyyarədən enib, hava limanının möhtəşəm binasından bu diyara üz tutanları gül-çiçəklər qarşılayır, qayıdarkən də güllər-çiçəklər yola salır. Bu güllər, bu yaşıllıqlar illərdir zəhmətin göz yaşları-alın təri ilə suvarılıb, gözoxşayan, könülaçan olub. Ona görə də Naxçıvan qonşu Türkiyə və İrandan, eləcə də dünyanın müxtəlif ölkələrindən hər il yüz minlərlə turist qarşılayır.
5 min illik şəhər mədəniyyəti tarixi olan Naxçıvan həm də müasir kənd və qəsəbələri, yolları, yaşayış binaları, yeni elektrik stansiyaları, Saat meydanı, Ağbulaq, Darıdağ, Dübəndi, Atçılıq mərkəzi kimi turistik mərkəzləri ilə sizin yolunuzu gözləyir.
Ona görə də bu günü ilə hər kəsi heyran edən, qonağını yola salarkən "bir də mənə dön"-deyən, danışan diyardır Naxçıvan. Hər şeyi ilə hüzurdur Naxçıvan… Azərbaycanın alınmaz qalası, döyünən ürəyi, dünya mədəniyyətinin beşiyidir Naxçıvan...
Mətanət Məmmədova