Naxçıvanda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
“Görüş yeri” kafesində baş tutan mərasimdə bildirilib ki, bu il Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümüdür. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan Tədbirlər Planı” təsdiq edilib. Bu münasibətlə Gənclər Fondu tərəfindən də bir sıra silsilə tədbirlər keçirilib ki, bu tədbirlərdən biri də “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsidir. Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, muxtar respublikanın müstəqillik dövründəki inkişafını müxtəlif materiallarla təqdim etməkdir.
Qeyd olunub ki, müsabiqəyə 42 qəzet məqaləsi, 71 teleradio materialı, 2 ədəbi yaradıcılıq nümunəsi-miniatür kitab, 7 rəsm əsəri, 2 memarlıq işi və 6 sayt məqaləsi təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli bildirib ki, son illərdə muxtar respublikada bütün sahələrdə inkişafın əsası qoyulub, Naxçıvan kompleks və davamlı inkişaf mərhələsinə yüksəlib. İnkişafın Naxçıvan şəhərindən tutmuş muxtar respublikanın ən ucqar yaşayış məntəqələrinə qədər olan təzahürü hər bir yaradıcı insanın fəaliyyətində öz əksini tapıb.
Qeyd olunub ki, muxtar respublikada yaradıcı təşkilatların fəaliyyətləri üçün də geniş imkanlar yaradılıb. İstər kütləvi informasiya vasitələrində, istərsə də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Memarlar Birliyi və Yazıçılar Birliyinin fəaliyyəti üçün hər cür şərait var. Yaradıcı insanların müasir iş şəraiti ilə təmin olunması, əməklərinə yüksək qiymətin verilməsi, onların ölkəmizin, eləcə də muxtar respublikanın fəxri adları, yüksək dövlət mükafatları ilə təltif olunması bir daha bunu təsdiq edir. Əgər tarixə nəzər salsaq görərik ki, yaradıcı insanları düşündürən bir məsələ olub, o da cəmiyyətin problemlərini qabardaraq ölkənin inkişafı üçün öz potensiallarını sərf etmək. Sevindirici haldır ki, muxtar respublikada bu işlərin hamısı əvvəlcədən görülüb. Muxtar respublikada yaradıcı insanlar artıq cəmiyyətin problemlərini, çətinliklərini deyil, sabitliyi, inkişafı, quruculuğu tərənnüm edirlər. Bu gün keçirilən müsabiqənin də əhəmiyyəti məhz bundan ibarətdir. Hər bir gənc, yaradıcı insan muxtar respublikada yaradılan bu şəraiti, inkişafı dəyərləndirir və öz potensialı ilə buna bir töhfə verməyə çalışır. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər Naxçıvanın inkişafının, quruculuğunun, sabitliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər yaradıcı insanlar üçün geniş mövzu seçimidir.
Ülvi Hüseynli çıxışının sonunda müsabiqənin iştirakçılarına təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, muxtar respublikamızda milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan, geniş dünyagörüşlü, təhsilli və intellektli gənc nəslin yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Bu sahədə ardıcıl tədbirlər görülür, müasir gəncliyin inkişafı üçün hərtərəfli şərait yaradılır. Elə muxtar respublikada Gənclər Fondunun yaradılması regionumuzda gənclərə göstərilən diqqət və qayğının ən parlaq nümunələrindəndir. Gənclər Fondunun yaradılması muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsini daha da genişləndirib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondu 2019-cu il ərzində də gənclərin müxtəlif layihələrinin həyata keçirilməsini dəstəkləyib, həyata keçirilən layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştirakları ön plana çəkilib.
Naxçıvan Dövlət Televiziyasının əməkdaşı Xanım Rüstəmzadə qeyd edib ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində onlarla gənc işlə təmin olunub, onlarla tələbə -jurnalist isə praktik yaradıcı fəaliyyətə cəlb edilib. Mətbuatda gənclərin fəaliyyəti isə təqdirəlayiqdir. Çünki, müasir texnologiyalardan istifadə bacarığına yiyələnən gənclər səslərini daha geniş auditoriyaya çatdıra bilirlər. Qeyd olunub ki, komitədə çalışan gənclər yeni-yeni telelayihələr, proqram və verilişlər, reportajlar ərsəyə gətirir və mütəmadi olaraq müsabiqələrə müxtəlif mövzulu materiallar təqdim edirlər. Bu müsabiqəyə Naxçıvan Teleradiosu və “Nuhçıxan” İnormasiya Agentliyi 69 material təqdim edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”,- fikirlərini xatırladıb. 24 il bundan əvvəl - 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbovun yeni bir Naxçıvan qurub yaratmaqla bərabər, yüksək mənəviyyatlı, bilikli və vətənpərvər gənclərimizin də yetişib formalaşmasında müstəsna xidmətlər göstərdiyini, onların böyük qayğıkeşi və himayədarı olduğu diqqətə çatdırılıb.
Xanım Rüstəmzadə muxtar respublikada gənclər üçün yaratdığı şəraitə və göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün gənclər adından minnətdarlığını bildirib.
Müsabiqənin yekununa əsasən Naxçıvan Dövlət Televiziyasının baş rejissoru Fərhad Zamanbəyov və “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini Mətanət Məmmədovanın Azərbaycan, ingilis və rus dillərində birgə hazırladıqları “Azərbaycanın ürəyidir Naxçıvan” tanıtım filmi birinci, Naxçıvan Dövlət Televiziyasının əməkdaşı Xanım Rüstəmzadənin hazırladığı “Naxçıvanın dünəni və bu günü” adlı süjeti, “Şərq qapısı” qəzetinin əməkdaşı Gülcamal Tahirovanın hazırladığı “Naxçıvan: idxaldan ixraca aparan uğurlu inkişaf yolu” qəzet materialı ikinci, AMEA Naxçıvan bölməsinin İncəsənət, dil və ədəbiyyat institutunun şöbə müdiri Elxan Məmmədovun “Naxçıvan dastanı” ədəbi nümunəsi, “Nuhçıxan” İnformasiya Agentliyinin əməkdaşı Anar Tağıyevin agentlikdə yayımlanan videoçarxları, memar İsmayıl İsmayıllının hazırladığı “Naxçıvan Mədəniyyət Muzeyi” memarlıq işi isə üçüncü yerə layiq görülüblər. Qaliblər pul mükafatı və plaketlə təltif olunublar.
“Şərqin Səhəri” qəzetinin baş redaktoru Muxtar Rzazadə, “Naxçıvanın səsi” Radiosunun əməkdaşı Səriyyə Alməmmədova, Naxçıvan Dövlət Radiosunun əməkdaşı Türkanə Ağayeva və rəssam Səyyad Bayramova qiymətli hədiyyələr və plaketlər təqdim olunub.
Sonra çay süfrəsi arxasında Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bir-birindən maraqlı ifaları dinlənilib.
Mədinə Rəhimli