Gömrük orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və əməyinin stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən növbəti ixtisasartırma kurslarına cəlb edilmiş gömrük əməkdaşları üçün yoxlama imtahanları keçirilib. İmtahanlarda komitənin müvafiq şöbələri tərəfindən əməkdaşların gömrük sisteminin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən, texniki nəzarət vasitələrindən istifadə qaydaları, hüquqpozma faktlarının ilkin sənədləşməsi, şübhəli şəxslərin müəyyən olunması və narkotiklər barədə bilikləri, gömrük orqanlarında nəqliyyat vasitələrinin yoxlanılması qaydalarını hansı səviyyədə mənimsədikləri müəyyənləşdirilib.
İmtahanlardan uğurla çıxmış əməkdaşlara sertifikatların təqdim olunması məqsədilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli dövlətimizin yüksək diqqət və qayğısı ilə gömrük orqanlarının fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. Qeyd olunub ki, gömrük xidmətinin təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Buna görə də gömrükçülərin bilik və bacarıqları ilə yanaşı, peşə vərdişləri də günün tələblərinə cavab verməli, hər bir gömrük əməkdaşı dövrün çağırışlarına uyğun şəkildə formalaşmalı, xidməti vəzifələr yüksək peşəkarlıqla icra olunmalıdır. Komitə sədri vurğulayıb ki, ixtisasartırma təlimlərinin məqsədi gömrük orqanı əməkdaşlarının praktik bacarıqlarının artırılmasından, xidmətin keyfiyyətinin yüksəldilməsindən, işə daha məsuliyyətli yanaşmanın təmin edilməsindən ibarətdir.
Qeyd edək ki, 2019-cu il ərzində, ümumilikdə, 83 gömrük əməkdaşı ixtisasartırma təlimlərinə cəlb olunub, imtahanlarda uğur qazanmış əməkdaşlara sertifikatlar verilib. Mərhələli şəkildə bütün gömrük əməkdaşlarının belə təlimlərə cəlb edilməsi, əvvəlcədən təsdiq olunmuş proqram üzrə tədrisin aparılması və qiymətləndirilməsi nəzərdə tutulub.