Avropalı bloqqer turistlərə səyahət üçün Naxçıvana gəlməyi məsləhət görüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dünyanın tanınmış səyahət portalı olan bucketlistly.blog saytında səyahətçilər üçün Naxçıvanla bağlı ətraflı məlumat yerləşdirilib. Məqalənin müəllifi bloqqer Pete R. Naxçıvanın 1990-cı illərdə başlanan Ermənistan-Azərbaycan münaqişəsindən sonra blokadaya salındığını və ümumi Azərbaycanla əlaqəsinin kəsildiyi barədə məlumat əldə edib. Amma Naxçıvanın çox maraqlı və inkişaf edən yer olduğunu öyrənən Pete R. maraq üçün bura səfər etməyə qərar verib. Və peşman olmayıb. Naxçıvana gələndən sonra gördüklərindən məmnun qalan bloqqer muxtar respublikanın turizm potensialı, həyata keçirilən 4 günlük turlar və marşrutlar haqqında öz fikirlərini geniş oxucu kütləsi ilə bölüşüb. Turistlərə Naxçıvanın təbiəti, coğrafiyası, ən əsası təbii və orqanik qidaları məmnuniyyətlə məsləhət görülür. Gəzməli yerlər sırasında Naxçıvanın qədim abidələri, Əshabi-Kəhf ziyarətgahı, Əlincə qalası, Batabat, Duzdağ, Qarabağlar Türbə Kompleksi, Ordubad var. Həmçinin otellərin əcnəbi turistlər üçün əlçatan qiymətə olduğu da vurğulanır. Müəllif Avropadan Naxçıvana hansı marşrutlarla gəlməyin yollarını da ətraflı izah edir.
Bundan başqa bloqqer Azərbaycana həsr olunmuş video hazırlayaraq youtube kanalında paylaşıb. Videoda Naxçıvanın turizm potensialı da öz əksini tapıb. İzləyicilər bu linkə daxil olmaqla həmin videoya baxa bilərlər.
Anar Tağıyev