Noyabrın 12-dən dekabrın 19-dək Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında istehsalat təcrübəsi təşkil olunub.
Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, istehsalat təcrübəsi zamanı tələbələr müvafiq şöbələrin fəaliyyət istiqamətləri ilə tanış olub, onlara dövlət qulluğuna qəbul, sənəd qəbulunun aparılması, “şəxsi kabineti”in yaradılması, dövlət reyestrinin aparılması, müsahibə mərhələsi, müsahibədə iştirak etmək üçün müraciətin edilmə qaydası, ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı ətraflı məlumat verilmiş və slaydlar vasitəsilə dərslər keçirilib. Tələbələr Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün imtahanların keçirilməsini əyani olaraq izləyiblər. Yekunda tələbələrin bilik və bacarıqlarının yoxlanılması məqsədilə müsabiqə keçirilib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli qeyd edib ki, sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə qurumun təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün ayda iki dəfə açıq dərslər keçirilir, istehsalat təcrübəsi təşkil olunur, tələbələr dərslik və dərs vəsaitləri ilə təmin edilirlər.
Naxçıvan Dövlət Universitetinin əməkdaşı Leyla Əliyeva istehsalat təcrübəsinin tələbələrin praktiki biliklər əldə etməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonda tələbələr arasında keçirilən müsabiqənin qaliblərinə sertifikatlar verilib və oxunması zəruri olan kitablar hədiyyə edilib.