1988-ci ildən bəri taleyinə acı qaçqınlıq, doğma yurdunu tərk etmək məcburiyyəti yazılmış və vətənin xilası naminə minlərcə şəhidlər verən Dağlıq Qarabağın azərbaycanlı əhalisindən bəhs edən yeni kitab nəşr olunub. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə “Qarabağımız... Mənəvi Dünyamız” adlı 216 səhifəlik kitabın müəllifi Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, Türkiyənin Ərciyes Universitetinin professoru Qafar Çaxmaqlıdır.
Fonddan NUHÇIXAN-a bildiriblər ki, kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi keçmişi, burada yaşayan insanların mənəvi dünyası və öz doğma yurduna dönmə mübarizəsindən geniş şəkildə bəhs olunub. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan rayonların - Xankəndinin, Şuşanın, Əskəranın, Xocavəndin, Ağdərənin və başqa yüzlərcə türk yurdunun dünyamıza bəxş etdiyi özünəxas mənəvi keyfiyyətlərdən danışılıb. Araşdırmada qeyd olunur ki, Qarabağ Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi hesab olunur. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqiçi, 38 xanəndə-müğənni, 16 rəssam, 5 astronom, 18 arxitektor, 16 həkim yetişib. Bütün Şərqdə əsrin ən böyük universal-elmi ensiklopedik biliyə malik insanları burada yazıb yaradıb.