Özünəməşğulluq proqramı ilə bağlı görüşlər davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə müvafiq proqrama cəlb edilən Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan sakinlərlə görüş keçirilib.
Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi ilə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub. Eyni zamanda fərdi ailə təsərrüfatlarını nümunəvi inkişaf etdirdiyinə görə iki nəfər haqqında həvəsləndirici tədbirlər görülüb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşları da iştirak ediblər.