Koreya səfirliyinin müşaviri Naxçıvan Dövlət Universitetində olub - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Lee Jae Vunqun Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində ali təhsil ocağında olub. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib.
Cənubi Koreya mərkəzində olan qonağa məlumat verilib ki, 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar açılıb. Vurğulanıb ki, mərkəz müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunur. Mərkəzdə Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Prorektor diqqətə çatdırıb ki, Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.
İkitərəfli görüşdə qonaq muxtar respublikada Koreya dilinə olan yüksək marağı nəzərə alaraq bu dil üzrə TOPİC imtahanlarının Bakıya getmədən məhz Naxçıvanda keçirilməsini təklif edib. Prorektor təklifi yüksək qiymətləndirib, Koreya milli mədəniyyəti, incəsənətinin təbliği istiqamətində görüləcək işləri məqsədəuyğun hesab edib və Koreya günü keçirilməsi ilə bağlı öz təklifini irəli sürüb. Görüşdə qarşılıqlı müzakirə, birgə fikir mübadiləsi aparılıb.
Səadət Əliyeva