NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Dizə kəndi ərazisində məhsuldarlığı gün ərzində 20 min 400 kubmetr olan sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.
Sutəmizləyici qurğular kompleksində hər birinin tutumu 400 kubmetr olan 2 xam su anbarının tikintisi və qurğu binasında dəmir-beton işi başa çatdırılıb. Qurğunun ətrafında qrunt sularını kənarlaşdırmaq üçün 300 metr uzunluğunda drenaj xətti çəkilib. Hal-hazırda qurğu binasında tikinti işləri davam etdirilir. Dam örtüyü vurulur, fasad üzlənir, Türkiyə istehsalı olan yeni avadanlıqlar quraşdırılır.
Qurğuda su süzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizləmə aparmadan avtomatik rejimdə mexaniki üsulla 3 mərhələli təmizləmə prosesindən keçərək 1 mikrona qədər təmizlənəcək. 100 mindən artıq insana xidmət göstərəcək qurğu özünün su mənbəyini Arpaçay subölücüsündə tikilmiş qalereyadan götürəcək.
Ötən günlərdə Zeyvə Düdəngə kəndlərinin 7300 sakinini fasiləsiz içməli su ilə təmin etmək üçün tikilən 40,5 kilometr su xətti istifadəyə verilib. Beləliklə, Şərur şəhəri, Mahmudkənd, Zeyvə, Düdəngə, Yengicə kəndləri daxil olmaqla ümumilikdə 142 kilometr içməli su və Şərur şəhərində 27 kilometr kanalizasiya xətti çəkilib.
Bu tədbirlərin davamı olaraq Cəlilkənddə də içməli su şəbəkəsinin tikintisinə başlanılıb, müxtəlif diametrli borularla 3750 metr su xətti quraşdırılıb.
Layihə üzrə 12 kilometrdən çox içməli su xəttinin tikintisi, 543-dən artıq ev birləşməsinin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, son illərdə muxtar respublikada membran və mexaniki tipli sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 220 mindən çox insan keyfiyyətli su ilə təmin edilib.
Turab Hacızadə