Naxçıvan Muxtar Respublikasında uşaqlara göstərilən dövlət qayğısı kompleks xarakter daşıyır. İstifadəyə verilən müasir təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərir. Uşaqların təhsili ilə yanaşı, onların fiziki inkişaflarının təmin olunması məqsədilə müasir standartlara uyğun idman obyektləri tikilib istifadəyə verilir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların da təhsil alması və cəmiyyətə inteqrasiyası məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikada bu kateqoriyadan olan uşaqların məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlbi diqqətdə saxlanılır, onların təhsili, tibbi və sosial reabilitasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə, müasir standartlara cavab verən və sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasını təşkil edən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji xidmət, psixoloji dəstək mərkəzi, təlim-bərpa, kinekt və əmək terapiyası otaqları, musiqi terapiyası, görmə qabiliyyəti məhdud şəxslər üçün brayl kitablar, brayl əlifbasını öyrənmək üçün kurslar və audiokitabxana, eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana fəaliyyət göstərir. Bununla yanaşı, burada görmə qabiliyyəti məhdud şəxslər üçün sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, yazı formatında olan materialları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya, surdotərcümə ilə filmlər nümayiş olunan kinozal da mövcuddur.
Mərkəzdə həmçinin, hiperaktiv sindromundan əziyyət çəkən uşaqların reabilitasıyası məqsədilə yaradılmış təlim-bərpa otağında “Play attention” avadanlığı vasitəsilə bərpa müalicəsi təşkil olunur.
Hiperaktivlik fərdin həddindən artıq fəallığı, hərəkətlərinə nəzarət edə bilməməsi kimi özünü göstərən qeyri-iradi davranışlardır. Hiperaktiv uşaqlar daim hərəkətdə olur, hər şeylə maraqlanır, yerli-yersiz danışır, paltarlarını dartışdırır, qaydalara tabe olmaq istəmirlər. Hiperaktivlik uşaq anadan olandan sonra 3 yaşından 7 yaşına kimi özünü büruzə verir.
Bəs hiperaktivlik nə deməkdir?
Hiperaktivlik - “hiper” yunan sözü olub “yüksək”, aktivas isə hərəkət və hərəkətli deməkdir. Deməli hiperaktivlik aktiv, hərəkətli davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Kənardan yorulmayan uşaqlar kimi görünsələr də, bu uşaqların sinir sistemi tez yorulur. Belə uşaqlar müalicə olunmalı və ya onların reabilitasiyası ilə bağlı müvafiq tədbirlər görülməlidir.Hiperaktivliyin diqqət azlığı, həddindən artıq hərəkətli olması və impulsivlik olmaqla 3 növü müəyyənləşdirilmişdir. Diqqət azlığı problemi olan uşaqlar əsasən məktəb yaşlarında aşkar olunur. Belə uşaqların diqqətləri tez yayınır, gündəlik işlərdə unutqan olur, dərslərinə diqqət yetirə bilmir, tez-tez əşyalarını itirir, deyilən sözü eşitmir, qulaq asmır, səbr tələb edən işlərdə uğursuz olurlar. Diqqət azlığı olan uşaqlarda yaddaşın zəifləməsi də müşahidə olunur. İmpulsivlik müşahidə edilən uşaqlar isə tez-tez başqa insanların sözünü kəsir və oyunlarda öz növbəsini gözləmir, növbələrlə danışmaq lazım olanda çətinlik çəkirlər. Bunlarla yanaşı, çox düşünmədən uyğunsuz fiziki-təhlükəli işlərə də yol verirlər.
Bəs hiperaktivliyi necə aradan qaldırmaq mümkündür? Hiperaktivlik sindromundan əziyyət çəkən uşaqlarla valideyn, nevropatoloq və psixoloq birgə işləməlidir. Əgər hiperaktivliyin qarşısı alınmazsa uşaqlarda davranış pozuntusu yarana bilər.
Hiperaktiv uşaqlar tərifə qarşı çox həssas olurlar. Onlarla düzgün davranmaq lazımdır. Bu davranış qaydalarından aşağıdakıları nümunə göstərmək olar :
-Uşaqla əsasən gündüz vaxtlarında işləmək.
-Uşağın iş yükünü azaltmaq.
-Uşağa tapşırıqlar vermək (bu tapşırıqlar elə olmalıdır ki, uşaq onun öhdəsindən köməksiz gəlməyi bacarmalıdır).
-Uşağa seçim şansı vermək.
Hiperaktiv uşaqların heç sevmədiyi “yox “, “olmaz” kimi işlənən ifadələrdir. Bu zaman onlar, daha da aqressivləşir. Lakin, qeyd olunan sözlərin yerinə “bəli”, “sən bacararsan” “afərin” kimi ifadələrdən istifadə etmək daha məqsədə uyğun hesab olunur. Bu kateqoriyadan olan uşaqları televizorun, kompüterin qarşısında çox vaxt keçirməsinə də şərait yaratmaq olmaz.
Hiperaktivliyi aradan qaldırmaq üçün bir çox üsullardan istifadə edilir ki, onlardan ən effektlisi mükafatlandırma və “cəzalandırma” üsuludur. Uşağın hiperaktivliyinə uyğun cədvəl tərtib edilir və həmin cədvəl üzrə davranışlar izlənilir. Bu üsulda uşağın davranışları istər ulduzlarla (qırmızı və qara), istərsə də bal sistemi ilə qeyd olunur. Yəni uşaq səhv hərəkət edirsə qara (və ya aşağı qiymət), doğru hərəkət edirsə qırmızı (və ya yuxarı qiymətlə) ulduzla qiymətləndirilir. Daha sonra ulduzlar toplanılır. Əgər qırmızı ulduzların sayı üstünlük təşkil edərsə uşaq mükafatlandırılır. Əksinə qara ulduzlar çox olarsa uşaq “cəzalandırılır”. Mükafat və “cəza” dərhal verilməlidir. Mükafatlandırma zamanı maddiyata önəm verilməsə daha yaxşı olar. Mükafat hər hansı xoş söz, parka getmək, uşağı sevdiyi kinoya aparmaq və s. ola bilər. “Cəzalandırma” isə hər hansı sevdiyi oyuncaqdan müəyyən müddətdə məhrum edilmə, müəyyən zaman ərzində ayaqüstə qalmaq ola bilər. Heç bir halda, fiziki cəzaya yol verilməməli, onunla münasibət qorxu üzərində qurulmamalıdır.
Sonda bir məqama da diqqət çəkmək istəyirik ki, əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Uşaqlara dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Axı cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir valideynin başlıca sosial məsuliyyətlərindəndir. Uşaqlarımıza güvənmək, inanmaq lazımdır həm də sağlamlıq imkanlarına fərq qoymadan. Çünki, onların bizim dəstəyimizə ehtiyacı vardır.
Minurə Əliyeva
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müəllim-psixoloqu