Zəhərli daşıyıcılar

A- A A+

Bu gün gündəlik  həyatımızda elə  vasitələr   var ki,  onları biz  istər-istəməz istifadə etmək məcburiyyətindəyik. Hər gün istifadə etdiyimiz plastik qablar və polietilen  torbalar əslində gündəlik istifadə olunmaqla yanaşı həm də, dolayısı yolla sağlamlığımızı  təhlükə altına qoyur  və  canlı təbiətə ciddi  ziyan vurur. Bunu  bu yaxınlarda izlədiyim bir filmdə daha aydın gördüm və siz oxucularla fikirlərimi  bölüşmək qərarına gəldim.

Etiraf edək ki, bu birdəfəlik istifadə üçün nəzərdə tutulan  polietilen torbalar və plastik qablar istifadə olunduqdan sonra torpağa basdırıldıqda belə, təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir. Nəzərə alsaq ki, bu gün dünyada istehsal olunan məhsulların hər beşindən biri plastik maddələrdən  hazırlanır.  Onda məsələnin nə qədər ciddi olduğunu görmək olar.

Bəs onda bu vasitələrin  insan  həyatı üçün zərəri  varmı?

Kiçik bir araşdırma zamanı məlum oldu ki, həyatımızın əsas bir hissəsinə daxil olan, haqqında danışdığımız torbalar  polietilen  adlanan maddədən hazırlanır. Polietilen isə  həm neft və həm də qazdan əmələ gələn bir maddədir. Yəni bu o deməkdir ki, bu maddənin hazırlanması bərpa olunmayan qaynaqlardan əldə olunur. 

Hazırda  dünya üzrə  hər il 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərər sayılmayacaq dərəcədə çoxdur. Bu rəqəmin böyüklüyü bizim nə qədər təhlükəli bir şəkildə həyatımıza və ətraf aləmə ciddi ziyan vurduğumuzu bir daha göstərir.

Polietilen torbaların sağlamlıq üçün digər bir təhlükəsini  onların istehsalında güclü zəhərli qurğuşundan istifadə olunması yaradır. Onun orqanızmdə toplanması bir  çox xəstəliklərin inkişafına səbəb olur. Belə ki, bu insan bədənində  endokronoloji xəstəliklərin yaranmasına və  hormonal proseslərin pozulmasına gətirib çıxarır. Bu isə yeni doğulan uşaqlarda diqqətsizlik və qavrama kimi problemlərin yaranmasına səbəb olur.  O da sübut edilib ki, plastik paketdəki məhsullar tez xarab olmağa başlayır, çünki polietilendə çoxlu bakteriyalar var.  Kip bağlanmış şəffaf torbada kondensat əmələ gəlir və orada müxtəlif göbələklər inkişaf edir. Polietilen dondurulmaya məruz qaldığında ondan insan üçün təhlükəli olan toksinlər ayrılır. Yarımfabrikatlar xüsusilə zərərlidir. Bir çox istehsalçılar onları qablaşdırmanın içərisində hazırlamağı və isitməyi tövsiyə edir. Ancaq alimlər sübut ediblər ki, yüksək temperaturun təsiri nəticəsində plastikdən zəhərli formaldehid qazı ayrılır.

Xatırladaq ki, artıq dünyanın bir  çox ölkələrində  birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar və polietilen torbalar ya qadağan olunub yada pulla satılır. Elə qardaş Türkiyə Respublikasında bu ildən başlayaraq polietilen torbalar marketlərdə müştərilərə pul qarşılığında təklif olunur. Danimarkada mağazalarda birdəfəlik polietilen torbaların paylanmasına görə əhəmiyyətli dərəcədə vergi tətbiq edilib. Bu, dərhal onların istifadəsini 90 faiz azaldıb. Finlyandiyada isə ticarət nöqtələrində istifadə olunan  plastik qabları  təkrar emala qəbul edən avtomatlar yerləşdirilib. Bunun da nəticəsində bu məhsullara  tələbat  ciddi  şəkildə azalıb.

Bəs gəlin görək  ölkəmizdə bu sahədə vəziyyət necədir?  

2019-cu ildə Azərbaycanda insan sağlamlığına və ətraf mühitə zərər verən 20 mikron qalınlığında birdəfəlik plastik torbaların istifadəsinə qadağa haqqında qanun qəbul edildi. Lakin bütün bunlara baxmayaraq hələ də ölkəmizdə paket çantaların istehsalında təkrar istifadə üçün yararlı olan plastik və polimer tullantıların miqdarı hər il artır. 2015-ci ildə bu cür tullantılar 0,4 min ton, 2016-cı ildə 1,7 ton, 2017-ci ildə isə 2,5 ton olub. Görüldüyü kimi, bu cür zərərli məhsulların istehsalının həcmi hələ də artmaqdadır.

Bu sahədə qabaqlayıcı   tədbirlərdən biri  polietilen torbaların alternativi olan kağız, parça və uzun müddət davamlı olan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir.  Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi ən optimal həll yollarından biridir. Xatırladım  ki, bu gün muxtar respublikada qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işlərə başlanılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur rayonunda Sənaye Məhəlləsi yaradılır. Bu sənaye məhəlləsində bir neçə istehsal sahələri yaradılacaq ki, bunlardan biri də kağız-torba istehsalı sahəsidir. Bu sahənin  fəaliyyətə başlaması, gələcəkdə polietilen torbalara olan tələbatı azaltmaqla kağız-torbaya keçidi təmin edəcəkdir.

Bütün bunlar onu göstərir ki, gündəlik istifadə etdiyimiz kimyasal maddələr bizim həyatımız üçün olduqca təhlükəlidir. Məsələ qətiyyən kimyasal maddələrdən hazırlanan bu məhsulların istehsalı və ya satışı ilə deyil, məsələ bizim bu məhsullardan istifadə  zamanı  bir az daha diqqətli  olmağımızla bağlıdır. Ona görə ki, dünya sürətlə irəliləyir və biz də dünyanın  bir parçası olaraq bu yeniliklərə ayaq uydurmalıyıq. Lakin hər birimiz bir fərd kimi həyatımızı və başqalarının həyatını dəyişə bilərik.  Bunu üçün  biz nə edə bilərik?

İlk olaraq birdəfəlik  istifadə üçün nəzərdə tutulan bu   məhsulları mümkün qədər azaltmaq, daha az paketlənmiş məhsulları almaq, dükan, bazara gedərkən özümüzlə parça torbalar götürmək. Çalışaq həyatımızı və sağlamlığımızı qoruyaq. Həyatımızı sağlam və düzgün yaşamağın yolu isə  bizə verilən ömrü orijinal qidalar, təbii vasitələrdən istifadə etməklə  yaşamaqdır.

                                                                  

                                                                   Ramal Məmişov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: