Hər bir xalqın milli-mənəvi dəyərləri və dünyagörüşü, tarixi-mədəni və bədii irsi onun yaradıcılığında öz əksini tapır. Xalq yaradıcılığı isə bir neçə yüzillikdə yox, minilliklər boyu formalaşır, inkişaf edir. Bəşər sivilizasiyasının ilkin məskənlərindən olan Azərbaycanın qədim Naxçıvan torpağı da, zəngin və özünəməxsus milli xüsusiyyətlərə malik adət-ənənələri, həyat və məişətimizi özündə əks etdirən xalq yaradıcılığına malikdir. Aparılan tədqiqatlar və arxeoloji qazıntılar burada xalq yaradıcılığının ən mühüm qolu olan el sənətkarlığının 5-7 minillik tarixə malik olduğunu göstərir.
Xalqımızın qədim tarixə, yüksək mədəniyyətə, milli-mənəvi dəyərlərə malik olduğunu təsdiqləyən etibarlı mənbələrdən biri də onun əsrdən-əsrə, nəsildən-nəslə yaşadılan müxtəlif sənətkarlıq ənənələridir. Belə sənət sahələrindən biri də keçəçilik sənətidir. Qeyd edək ki, keçənin dəqiq nə vaxt yaranması haqqında məlumat yoxdur. Yaz fəslində yunları qırxılmayan qoyunların nəm yerlərdə yatarkən yunlarının bir-birinə keçərək qəlib şəklinə düşdüyünü görən ilk çobanlar yunu isladaraq bükməyə, döyəcləməyə başlayıb və beləliklə keçə əldə ediblər. Daha sonra isə yunu torpaq və ya başqa maddələrlə boyayaraq rəngli keçələr düzəldiblər. Aparılan tədqiqat materiallarına əsasən keçəçilik sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar “həllac” və ya “atıcı” adlandırılırdı. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir. E.ə V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqlarını qeyd edib. Ucu şiş keçə papağı azərbaycanlılar “börk” adlandırırdı. Arxeoloji qazıntılar zamanı Altay dağlarının ətəklərində, Pazırık kurkanında tapılmış, e.ə IV-III əsrlərə -Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü bu sənətin qədimliyini və türk dünyasına məxsusluğunu sübuta yetirir. Qazıntılar zamanı Hun kurqanlarından tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri, əba, yelək, heyvan fiqurları ondan məişətdə geniş istifadə olunduğunu göstərir. Keçədən məişətdə istifadə olunması haqda “Kitabi-Dədə Qorqud” dastanında da məlumat var. Dastanda deyilir: “Kimin ki, oğul-qızı yox, qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin”.
XIX-XX əsrin əvvəllərində yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıq və dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsi və bəzədilməsində, namazlıq, qapılıq, yapıncı, papaq, corab, əba, yük heyvanı üçün tərlik, palan və sair məişət ehtiyacları üçün geniş istifadə edilib. Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olub. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, mavi, narıncı rənglərə boyanmış bəzəkli keçələr də hazırlanıb. Nəmənd, heybə, yəhərüstü, tərlik və başqa keçələrin bəzəkləri əsasən zoomorf (dağ keçisi, ceyran, aslan, heyvanların döyüş səhnələri), həndəsi (romb, düzbucaq, üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, günəş, ulduz) ornamentlərindən, həmçinin “zəncir”, “qoç buynuzu”, “qaz ayağı”, “ürək” və sair naxışlardan ibarət olub. Kənarları isə xalçalarda olduğu kimi yelənlə əhatə olunurdu. Keçənin hazırlanması üçün, qoyunların xüsusi gölməçələrdə bir neçə gün yuyulması və qırxılması prosesi gedir. Qırxılmış yun daha sonra didilir. Didilmiş yun bir neçə nəfər tərəfindən döyülür. Yunun üzərinə ilıq su əlavə edib, üzərində addımlayırlar. Sonra yun tapdalanır, buna “yunun təpilməsi” deyilir. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da eyni zamanda nəzərə alınmalıdır. Mənbələrdən məlum olur ki, Azərbaycan xalqının məişətində keçədən istifadə geniş yer tutub. Keçəçilik sənətində həllaclar qohum-qonşunun köməyindən də, istifadə edərdilər, çünki keçənin basılması prosesində xeyli adamın iştirak etməsi tələb olunurdu.
Naxçıvanda keçənin basılması, prosesi aşağıdakı qaydada icra olunurdu: yun didildikdən sonra onu ağ parçanın üstünə sərirdilər. Bundan sonra yun sərilmiş ağ parçanı hamarlanmış, yonulmuş, düz silindrik ağaca büküb hər iki tərəfdən bağlayırdılar. Bu ağacın adına “ox” deyirdilər. 5-6 nəfərin iştirakı ilə onu ayaqlayır, sonra ayaqları ilə vura-vura fırladırdılar ki, yetişsin. Salınmış yunun üzərinə hərdənbir ilıq su və ya yumurta sarısı səpirdilər ki, yun bir-birinə tez yapışsın. Yun bitişib tam keçə halına gələnə qədər bu iş davam edilirdi. Yunun yapışması üçün küncləri toxumaqla döyülürdü. Hazırlanan məhsul “qəlib” adlanırdı. Keçəçiliklə bağlı müxtəlif deyimlər də mövcuddur:
Atıcıyam yayım var,
Çaxmağım var qovum var.
Yunu yığın, gətirin,
Burda mənim ovum var.
Qeyd etdiyimiz kimi, alaçıqların örtülməsi üçün keçədən istifadə edilirdi. Araşdırmalar göstərir ki, yaylaqda yaşayış evlərinin hansı etnosa aid olması uzaqdan bəlli olurdu. Belə ki, türklərə məxsus alaçıqlar keçə ilə örtülürdü. Bir məsələni də qeyd edək ki, yaylaqdakı çadırların nəinki hər hansı bir etnosa, hətta hansı tayfaya məxsusluğunu da çadrların formasından və rəngindən təyin etmək mümkün idi. Alaçığın üstünü örtmək üçün bir neçə keçəni bir-birinə tikirdilər. Alaçığın baş hissəsini tutmaq üçün baş qəlibdən, yanlarını örtmək üçün yan qəlibdən, qabağını örtmək üçün isə qənşər qəlibdən istifadə edirdilər. Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan keçə sənətinin inkişafı və tanıdılması barədə mərhum etnoqraf alim Hacı Qadir Qədirzadə yazırdı ki, qazıntılar zamanı Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü aşkar edilib. Bu tapıntı keçəçilik sənətinin qədimliyini və türk dünyasına məxsusluğunu bir daha sübut edir. Qazıntılar zamanı Hun kurqanlarından tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri ondan məişətdə geniş istifadə olunduğunu bir daha təsdiqləyir.
Bəli, ölkəmizdə olduğu kimi Naxçıvanda da keçə sənəti geniş yayılıb. Keçəçilik Şahbuz və Şərur rayonlarının kəndlərində tarixən inkişaf etmiş sənət sahələrindəndir. Əldə edilən məlumatlara əsasən, muxtar respublikanın bəzi kəndlərində keçəçi məhəllələri mövcud olub. Bu da qədim diyarımızda keçəçiliyin inkişafını göstərən amillərdəndir.
Keçə salmaq üçün güzəm yunundan, yəni payız vaxtı qırxılan quzu və qoyun yunundan istifadə edilirdi. Keçəçi ustaların söylədiyinə görə, yaz yunundan keçə salmaq olmaz. Ona görə ki, saçaqlı yun uzun olduğu üçün “bitmir”, yəni bir-birinə yapışmır. 7-8 qoyun yunundan bir keçə hazırlanır.
Xatırladaq ki, günümüzdə keçədən hazırlanan xalçalara ancaq kənd evlərində rast gəlinir. Keçə nümunələri isə hazırda Naxçıvan Dövlət Xalça Muzeyində saxlanılır.
Bir sözlə, qədim tarixə və xüsusi əhəmiyyətə malik keçəçilik sənəti xalqımızın məişət və mədəniyyətində özünəməxsus rol oynayıb. Biz gənc nəsil qədim sənət sahələrini, milli-mənəvi dəyərlərimizi qoruyub yaşatmalı, gələcəyə inamla çatdırmalıyıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Təcrübə göstərir ki, xalq öz milli-mənəvi dəyərlərinə sahib çıxmasa, onlar başqa xalqlar tərəfindən özününküləşdirilər, mənimsənilər. Ona görə də biz milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, yaşatmalı və təbliğ etməliyik”.
Nuray Cəfərova