Nursu kəndinin xoş günləri       

A- A A+

Şahbuz rayonunun gözəl kəndlərindən biri də dağlarının başı qarlı, səması əlçim-əlçim buludla örtülü olan Nursu kəndidir. Kəndin əvvəlki adı Nurs olub və 2003-cü ilin mart ayının 1-dən  dəyişdirilərək Nursu adlandırılıb.

Kənddə orta əsrlərə aid arxeoloji abidələr var. Onlardan biri hündür təpə üstündə yerləşən müsəlman qəbiristanlığıdır. Yerli əhalinin məlumatına görə qəbiristanlıqda ona yaxın tarixi qəbirüstü qoç fiquru olub və bu fiqurların əksəriyyəti o zaman dağıdılıb, bəziləri isə müəmmalı şəkildə yoxa çıxıb. Həmin abidənin təqribən XV-XVI əsrlərə aid olması ehtimal olunur.

Rayonun inzibati ərazi dairəsinə aid olan Nursu kəndi rayon mərkəzindən 8 kilometr şimal-şərqdə yerləşir. Kənd Çadırdaş ətəyində, Səngərtəpənin, Motalqayanın, Toğluqayanın qoynunda, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq, Şahbulaq, Novlu, Kəklikli çeşmələrinin ətrafında yerləşir. Kəndin içindən axan Naxçıvançayın sol qolu olan Nursu çayı mənsəbindən 46 km məsafədə Naxçıvançaya birləşir. Uzunluğu 13 km olan çay əsasən qar, yağış və qrunt suları ilə qidalanır.

Uzaqdan görünən hündür cəviz və qələmə ağaclarının yaratdığı əsrarəngiz mənzərəni seyr edərkən düşünürsən ki, sanki bu ağaclar qayaya yaslanıb,  “yorğunluğunu” çıxarır.

Beləcə, 4-5 saatlığına qonağı olduğumuz kəndin girişindən mərkəzə doğru irəlilədikcə təbiət fırçası ilə min bir al-əlvan rəngə boyanmış payız rənglərinə məftun olmamaq mümkün deyildi. Bu yaşayış yerinin insanları soyuq havalara əhəmiyyət vermədən həyət-bacalarında iş-güc ilə məşğul idilər. Kimisi xəzəli süpürür, kimisi arı ailələrini yağışdan, qardan qorumaq üçün tədbir görür, kimisi də yeni əkdiyi tingləri kənd qaydası ilə desək,  bükürdülər ki, qarda-şaxtada donmasınlar.

Elə sakinlərdən öyrənirik ki, bu dağ kəndində  135 ev var. Ümumilikdə isə 214 təsərrüfatda 802 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti kəndin iqliminə uyğun olaraq əsasən bağçılıq, arıçılıq və heyvandarlıqdır. Geniş əkin sahələrimiz olmasa da, həyətyanı sahələrdə əkilən kartofun və tərəvəzin adı dillər əzbəridir. Bağların barı-bərəkəti olan cəviz və almaya isə söz ola bilməz.

Kənddə adı çəkilən sahələrin tarixi ənənəsi var. Bu sahələr uzun illərdir ki, kənd əhalisi tərəfindən inkişaf etdirilib və bu gün də sevilə-sevilə davam etdirilir. Bunun üçün kəndin geniş otlaq və örüs sahələri də yetərincədir. Bu da kənd adamlarına mal və davar sayını artırmağa imkan verir. Sevindirici haldır ki, bəzi ailələr öz gün-güzəranlarını bu sahələrin hesabına təmin edirlər. Ailə təsərrüfatlarında yüzlərlə iri buynuzlu mal-qara, davar, arı ailəsi saxlanır.

Kəndin 103 hektar əkinəyararlı torpaq sahəsi var. 45 hektardan çox  sahədə şum qaldırılıb. 43 hektardan çox sahədə isə taxıl əkini keçirilib ki, bunun da 10 hektarını yonca əkini təşkil edir. Həmçinin kəndin 1060 hektar örüş sahəsi var və bu örüş sahələrinin 330 hektarını biçənəklər təşkil edir. Bu sahələrdə hər bir ailənin özünün əkin sahəsi və otlaq yeri vardır. 

Ümumiyyətlə, kəndin şəxsi təsərrüfatında 1200-dən çox iribuynuzlu və 750-yə yaxın xırdabuynuzlu bəslənilir. 900-dən çox arı ailəsi var.

Şahbuz təbiəti arıçılıq üçün çox əlverişlidir.   Bu gün rayonun elə bir kəndi yoxdur ki, orada adamlar arıçılıqla məşğul olmasınlar. Şəfalı otlardan, əlvan çiçəklərdən toplanan təmiz, şəffaf Şahbuz balı hər yerdə öz dadı- tamı ilə seçilir. Nursu  kəndində də əhalinin əsas məşğuliyyətlərindən sayılan arıçılıqla məşğul olan baltutarların sayı ilbəil artır. Bu da kənd əhalisinin nəinki öz illik azuqəsini təmin edir, hətta bazara da çıxarılır. Nəticədə bazar həm yerli məhsulla zənginləşir, həm ucuzluq və bolluq olur, həm də kəndli alın təri ilə, əl əməyi ilə qazanc əldə edir.

Kəndin məktəbi də yeni inşa olunub. 234 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, şahmat və müəllimlər otağı, kitabxana, bufet, idman zalı var. Kompüter siniflərində  kompüter dəsti quraşdırılıb və internetə çıxış təmin edilib. Bütün bunlar məktəbdə təhsilin səviyyəsinin yüksəlməsinə geniş imkanlar yaradıb və müəllimlərin məsuliyyətini daha da artırıb, gənclərin təlim-tərbiyəsində daha əzmlə çalışmağa ruhlandırıb. Hal-hazırda məktəbdə  37 şagird  təhsil alır və onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur.  Müəllimlər öz işlərini məsuliyyətlə və sədaqətlə yerinə yetirirlər. Hər il ali məktəbə qəbul olan şagirdlərin sayı artır.  Yeni dərs ilində birinci sinfə 8 şagird qəbul edilib. Bu da ucqar dağ kəndlərində əhali sayının ilbəil artımı ilə əlaqədardır.

Beləcə, dağlar qoynuna sığınan, Azərbaycan torpağına Məmməd Araz kimi şair, Firudin Hüseynov kimi ədəbiyyatçı alim və neçə-neçə tanınmış ziyalı, elm adamı, həkim bəxş edən  Nursu kəndinin adamları torpağa qəlbən bağlı, zəhmətkeş insanlardırlar.  Məxsusi  havası və suyu olan  bu kəndin dağlarında-Toğluqayada, Motal qayada, Hamar quzeydə, Çadırdaşda, Cacıqlıda  artıq ağaclar və kollar çoxdan solub. Qönçə dodaqların təbəssümü silinməmiş bu yerlərdə qış onların başının üstünü artıq bir neçə gündür ki, alıb.

Torpağının  da hər qarışı  təbiəti kimi səxavətli olan Nursunun qocaman dağları  kəndi sanki əl-ələ verərək hasara almış kimi görünürdülər. Dağ daşlarından tikilib, pillə-pillə ucalan evlərin bir-birinin ardınca düzülüb dağların sinəsinə söykənməsi sanki bir əzəmət  göstəricisidir.  Bütün  mənzərələrlə, gözəlliklərlə yanaşı, kəndin içərisindəki ümumi səliqə-sahman, təmizlik xüsusilə göz oxşayır.

 

Turanə Baxşəliyeva

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: