Seçki marafonu
9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbədənkənar seçkilər günüdür.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir.
Seçkilər zamanı namizədlərin irəli sürülməsi
Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər və siyasi partiyalar tərəfindən irəli sürülməsi qaydaları Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-54-cü və 146-cı maddələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər zamanı isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 49-50-ci maddələri ilə tənzimlənir.
Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi
Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.
Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü) göstərilməlidir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.2-ci, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər zamanı isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 49.2-ci maddələrində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizə də onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü)) göstərilir.
Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.
Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz.
Müvafiq seçki komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Azərbaycan Respublikası Seçki Məcəllənin 53.4-cü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər zamanı isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 49.4-cü maddələrinin tələblərinə uyğun olaraq təqdim edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir.
Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.
Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.
Namizədlərin siyasi partiyalar tərəfindən irəli sürülməsi
Namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir.
Namizədin irəli sürülməsi barədə siyasi partiyanın qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:
- iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;
- namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;
- qərarın qəbul edilməsi tarixi.
Siyasi partiya partiyanın üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilər.
Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri də təqdim edir:
- siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
- siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
- namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclaslarının) qərarı və müvafiq iclasın protokolu;
- siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini.
Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Namizədlərin adları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa üsulla tərtib olunur.
Siyasi partiyanın səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.1 və 54.7-ci, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər zamanı isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 50.1 və 50.7-ci maddələrində göstərilən sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir.
Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.
İrəli sürülmüş namizədin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız seçki qanunvericiliyində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi seçki qanunvericiliyində göstərilən müddətdə bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.