Kükü kəndində “Naxçıvan tarixi və İslam Mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kükü kəndində “Naxçıvan tarixi və İslam Mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə muxtar respublikamızın Türk-İslam Mədəniyyət nümunələri, dini abidələrlə zənginliyi vurğulanıb. Qeyd olunub ki, bu gün muxtar respublikada 210 məscid, 26 dini ziyarətgah var. Son 21 ildə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində yeni məscidlər tikilib və təmir olunub. Naxçıvanda regionun ən böyük ibadət ocağı olacağı 2500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi məscidin inşası da davam etdirilir.
Tədbir iştirakçılarına Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı seçilməsini və onu şərtləndirən amillər barədə məlumat verilib. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı bildirib ki, bu qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.
Novruz Məmmədov