“Əl-Cəzirə” televiziyası Naxçıvanla bağlı möhtəşəm film yayımladı - YENİLƏNİB - VİDEO
NUHÇIXAN xəbər verir ki, “Əl-Cəzirə” media şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı filmdə əvvəlcə izləyicilərə muxtar respublikanın qədim və zəngin tarixi, coğrafiyası, mədəniyyəti haqda ətraflı məlumat verilir. Filmdə Naxçıvanın maraqlı görüntüləri, müxtəlif rakurslardan, xüsusilə dron videokamera ilə çəkilən kadrları diqqəti çəkir. “Əl-Cəzirə müsafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın təqdimatında Nuh əfsanəsi ilə bağlı olan Haçadağ, əsrarəngiz təbiəti, gözəlliyi və gölləri olan Batabat, Duzdağın qırmızı-boz rəng çalarları ilə dəniz dalğasını xatırladan təpələri, Duzdağ Fizioterapiya Mərkəzində yaradılan yeraltı müalicəxana, Möminə xatın türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzey Kompleksi, geniş əraziləri əhatə edən Naxçıvan Xanlığı haqqında geniş məlumat izləyicilərə təqdim edilir.
Bundan başqa Şərurda bu gün də yaşayan aşıq sənəti, saz havaları, folklor nümunələri, Şərur Yallısı ilə bağlı nümayiş olunan maraqlı məqamlar da filmdə yer alıb. Filmdə həmçinin Əlincə qalasının tarixindən danışılır və mükəmməl görüntüsü təqdim edilərək “Azərbaycanın Maçu Piçusu” adlandırılır.
25 dəqiqəlik film ərəb dilində yayımlanıb.