Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ötən ay yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlayıb, ümumilikdə, məhsul nümunələrinin 87 halda, o cümlədən qida məhsullarının 72 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub.
Agentlikdən NUHÇIXAN-a bildirilib ki, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 83 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olan 5 müraciət operativ icra olunub, 90 ictimai iaşə və xidmət sahəsinə, 17 ət satışı mağazasına maarifləndirmə xarakterli baxış keçirilib. Həmçinin meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 12 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, 3 satış obyektindən götürülən məhsulların 3 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 32 bufet və yeməkxanada monitorinqlər, 7 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb və aşkar olunmuş nöqsanlar yerində aradan qaldırılıb. Eləcə də standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 45 bərbərxanada maarifləndirmə xarakterli monitorinqlər təşkil edilib, aşkarlanan çatışmazlıqların aradan qaldırılması təmin olunub, 19 təsərrüfat subyektində təmir işləri aparılıb.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə fəaliyyətin təmin olunması üçün iş planı hazırlanıb, muxtar respublikada fəaliyyət göstərən 52 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb. Təsərrüfat subyektlərinə sənaye üsulu ilə hazırlanan və təhlükəsizlik sistemi olan elektrik, qaz cihazlarının satışının həyata keçirilməsi barədə bildirişlər, qazla işləyən məişət cihazları üçün təhlükəsiz istifadə üzrə təlimatlar təqdim edilib. Ümumilikdə, idxal olunan 1652 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 24 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
Noyabr ayında standartların tələblərinə uyğun olmayan 12 min 278 manat dəyərində keyfiyyətsiz və kontrafakt məhsullar satışdan çıxarılıb.