Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasında ən önəmli meyarlardan biri də onun şinlərinin normativ tələblərə uyğun olmasıdır. Yəni şinlərin protektorundakı naxışların qalmış hündürlüyü nəqliyyat vasitəsinin növündən asılı olaraq: minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobilləri üçün 1 mm-dən, avtobuslar üçün 2 mm-dən, motosikletlər üçün isə 0,8 mm-dən az olmamalıdır. Protektorların ölçüsü qeyd olunan normadan aşağı olduqda təkərlə yol örtüyü arasında ilişmə əmsalı nəzərə çarpacaq dərəcədə azalır ki, bu da tormozlanmanın zəifləməsinə və nəticədə nəqliyyat vasitəsinin sürüşməsinə səbəb olur. Ən əsası isə şinlər ölçüsünə və yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlməlidir, həmçinin nəqliyyat vasitəsinin bir oxuna protektoru müxtəlif naxışlı şinlərin geyindirilməsi yol verilməzdir.
Bütün bunlarla yanaşı, qış fəsli ilə əlaqədar olaraq sürücülər mütləq rezin şinlərdən istifadə etməlidirlər. Bu məqsədlə idarə və müəssisələrdə, avtovağzallarda sürücülər arasında, xüsusilə ümumi istifadədə olan nəqliyyat vasitələri sürücüləri arasında qış aylarında avtomobillərdə tətbiq olunan rezin şinlərin əhəmiyyəti barədə mütəmadi söhbətlər aparılır və sürücülərə zəruri məlumatlar verilir. Ona görə də, hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsində rezin şinlərin istifadəsində məsuliyyətli olmalı, qarlı, buzlu hava şəraitində sürət həddini nəzarətdə saxlamalı, bir sözlə mümkün olan bütün təhlükəsizlik tələblərinə əməl etməlidir. Eyni zamanda yağışlı, qarlı və tozlu hava şəraitində sürücünün yolu normal görə bilməsi üçün avtomobillərin qabaq şüşəsində şüşə silcəkləri və şüşəyuyanlar nəzərdə tutulub ki, bu aqreqatlar da qeyd olunan hava şəraitində təhlükəsizlik baxımından əvəzolunmazdır.
Yol-nəqliyyat hadisələrinin baş vermədən qarşısının alınması məqsədi ilə sürücülərə şüşə silcəkləri və şüşəyuyanların saz vəziyyətdə olmasına həssaslıqla yanaşmaları və şüşəyuyanları donmuyan maye ilə doldurmaları tövsiyə olunur.
Ayaz İsmayılov
Polis baş leytenantı,
DİN-nin DYPİ-nin Təbliğat üzrə baş inspektoru