Təcrübənin yekununa dair seminar-müşavirə olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbələrinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində istehsalat təcrübəsinin yekununa dair seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev bildirib ki, bu il noyabrın 12-dən dekabrın 27-dək Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin ekologiya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri nazirlikdə və aidiyyəti qurumlarda istehsalat təcrübəsi keçiblər. Tələbələr nazirliyin ayrı-ayrı fəaliyyət sahələri ilə yaxından tanış olub, muxtar respublika ərazisində təbiətin qorunması, təbii xammal ehtiyatlarından səmərəli istifadə edilməsi, geologiya, hidrometeorologiya, meşə istehsalı, xüsusi mühafizə olunan təbiət əraziləri, ətraf mühit komponentlərinin mühafizəsi kimi istiqamətlər üzrə praktik-nəzəri məlumatlandırılıb, onlara seminarlar keçirilib.
Digər çıxış edənlər Naxçıvan Dövlət Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında olan əməkdaşlığın gələcəyin ixtisaslı kadrlarının yetişməsində xüsusi rol oynadığını deyib, tələbələrin bu sahədə böyük təcrübə qazandıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən istehsalat təcrübəsində fəal iştirak edən tələbələrə təşəkkürnamələr verilib.
Sonda muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərini, flora və fauna ehtiyatlarını, turizm potensialını özündə əks etdirən sərgi ilə tanışlıq olub.
Nurlan Sadiqov