Bu ilin dekabr ayında Azərbaycanda hava anomal isti keçir. Havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarı olub. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 25-də keçirdiyi brifinqdə deyib.
Departament direktoru qeyd edib ki, çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub: “Əksər rayonlarda yağıntının miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın olub (76-115 faiz). Ümumiyyətlə, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınıb və bu da rekord göstəricidir".