Taksi və avtobus sürücüləri Cəmşid Naxçıvanski Muzeyində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada taksi və avtobus fəaliyyəti ilə məşğul olan sürücülər üçün təşkil edilən ekskursiyalar davam edir. Sürücülərin növbəti ekskursiyası Cəmşid Naxçıvanski Muzeyinə olub.
Muzeylə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat var. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş olunur. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş olunur.
Nurlan Sadiqov