NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinə uyğun olaraq Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisasları üzrə tələbə və müəllim heyəti qardaş ölkədə bir aylıq təcrübə kursu keçib.
Kollecin 2 müəllim və 10 tələbədən ibarət heyəti Yıldırım Beyazit adına Təhsil və Araşdırma Xəstəxanasında praktiki vərdişlərə yiyələniblər. Tələbələr ginekologiya, yenidoğulmuşlar, daxili xəstəliklər və cərrahiyyə, təcili tibbi yardım üzrə bölmələrdə plastik və qeysəriyyə əməliyyatlarını izləyiblər. Bundan başqa, doğuş palatalarında, genetik laboratoriyada iş prosesi ilə tanış olub, eləcə də müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəyiblər.
Tələbələr həmçinin xəstəxananın tibb bacıları ilə birlikdə kəskin apendisit, LOR, göz, qeysəriyyə əməliyyatlarında, müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, qardaş ölkənin tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək.
Mədinə Rəhimli