Naxçıvan şəhərində bayram yarmarkası davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dünəndən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram yarmarkası təşkil olunub. Yarmarkanın ikinci günündə də alıcı sıxlığı və məhsul bolluğu müşahidə edilib.
Xətai küçəsindəki mərkəzi bazarda dekabrın 25-dən 30-dək təşkil olunan yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış sahibkarlar və ailə təsərrüfatçıları tərəfindən müxtəlif adda və çeşidlərdə məhsul təqdim edilir. Hər gün səhər saat 8-dən başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılıb. Yarmarkada məhsul gətirən sahibkarlarla yanaşı, muxtar respublikanın bütün bölgələrindən ailə təsərrüfatlarında istehsal edilən “Orqanik məhsul” etiketli çox çeşiddə məhsulları bazar qiymətlərindən 10-25 faiz aşağı qiymətlərlə almaq mümkündür.
Qeyd edək ki, yarmarkaya çıxarılan quş və quşçuluq məhsullarına da maraq çoxdur. Qiymətlərə gəldikdə isə qaz 25 manat, ördək 13 manat, xoruz 20 manat, beçə 13 manat, hinduşqa diri çəkidə 1 kiloqramı 7 manat, təmizlənmiş vəziyyətdə isə 9 manata, yumurta 30 qəpiyə alıcılara təklif olunur. Yarmarkaya diri çəkidə çıxarılan heyvanların isə qiyməti 110-160 manat arasında dəyişir. Ən çox alınan məhsullar balıq və çərəzdir. Başqa yerlərdə 1 kiloqramı 10-12 manata satılan balıqlar burada 5 manata təklif olunur. Çərəzlərin qiyməti isə 6-25 manat arasında dəyişir.
Turab Hacızadə