Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən “Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi pensiyaçıların işini asanlaşdırır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə vurğulanıb ki, rayonun kəndlərində yaşayan pensiyaçıların rahat şəkildə pensiyalarını əldə etməsi üçün müvafiq tədbirlər görülür. Belə tədbirlərdən biri kimi pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil edilib. Bu məqsədlə Fondun Babək rayon şöbəsi ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsin Babək rayon filialı arasında müqavilə imzalanıb. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını rayon mərkəzinə getmədən kəndlərdəki poçt bölmələrindən rahat şəkildə alırlar.
Həmçinin bildirilib ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər.