19 nəfər qadına müvafiq müqavilələr və aktivlər paylanılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə öz maraqlı biznes planı ilə fərqlənən Culfa, Ordubad, Babək rayon qadınlarına sərmayə kapitalının verilməsi ilə əlaqədar Culfada tədbir keçirilib.
Komitədən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə çıxış edərək tədbirin mahiyyəti barədə geniş məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, bu gün keçirilən sayca üçüncü tədbirdə Culfa, Ordubad və Babək rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 19 nəfər qadına müvafiq müqavilələr və aktivlər paylanılıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək va ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib. Qadınlardan 9-u maldarlıq, 4-ü heyvandarlıq, 3-ü toxuculuq, 3-ü dərzilik sahəsi ilə məşğul olacaqdır.
Tədbirdə qadınlara ümumilikdə 18 baş xırdabuynuzlu, 10 baş iribuynuzlu, 2 ədəd overlok maşın, 2 ədəd hana, 60 m parça, 240 bağlam sap, muncuq və s. verilib.
Ramilə Seyidova qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək, qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən imzalanan müqavilələr haqqında ətraflı məlumat verib və bundan sonra layihə ilə bağlı keçiriləcək tədbirlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim olunub.
Tədbirdən sonra sərmayə kapitalının dəyərində alınan aktivlərə yerində baxış olub.