Musiqi təhsili müəssisələrində vəzifələrin tutulması üçün keçirilən müsabiqənin test imtahanları yekunlaşıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün oktyabrın 18-də elan olunmuş müsabiqənin test imtahanları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd verib. Test imtahanlarında 60 namizəd iştirak edib, onlardan 13-ü keçid balını toplayıb.

Qeyd edək ki, 2019-cu ildən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında elektron proqram təminatı tətbiq olunmaqla ilk dəfə test imtahanları vasitəsilə keçirilib. Test imtahanlarının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.

Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.

Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test imtahanında hər bir namizədə, ümumilikdə, 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib, tapşırıqların yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim olunub. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilib. Hər bir düzgün cavab bir balla qiymətləndirilib.

Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: