Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2019-cu ildə görülən işlər müzakirə olunub
Muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr 2019-cu ildə yerinə yetirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu barədə nazirlikdə keçirilən kollegiya iclasında ətraflı danışılıb.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar naziri general-leytenant Şamı Abdullayev qeyd edib ki, nazirliyin Mülki Müdafiə Alayında və Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsinin 5 şöbəsində taktiki-xüsusi təlim keçirilib. Xilasedicilərimiz Naxçıvan Qarnizonunda və Аzərbаycаn Rеspublikаsı Fövqəladə Hallar Nazirliyində keçirilən təlimlərdə iştirak edərək təcrübə qazanıb, dalğıcların peşə hazırlığı Uzunoba su anbarında təkmilləşdirilib. Struktur qurumlаrın ixtisaslı kadrlarla kоmplеktləşdirilməsi cari ildə də davam etdirilərək 44 nəfər xidmətə qəbul olunub, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetini bitirmiş 1 zabit müvafiq vəzifəyə təyin edilib.
“Cari ildə nazirliyin maddi-texniki bazası gücləndirilərək 5 xüsusi təyinatlı avtonəqliyyat vasitəsi, 10 motopompa, 240 xüsusi geyim dəsti, 1500 litr köpükəmələgətirən maye, 10 dəst nəfəs aparatı, 4 yanğın nərdivanı və 41 adda müxtəlif təyinatlı yanğın-texniki vasitələr alınıb gətirilib. Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texniki qarajının tikintisinin birinci mərhələsi başa çatdırılıb”, – deyən nazir vurğulayıb ki, mülki müdafiə işinin təşkili ilə bağlı 319 obyektdə yoxlama aparılıb, 5 obyektdə taktiki-xüsusi təlim, 4 obyektdə əməli məşğələ, 5 obyektdə konfrans və 2 obyektdə əməli tədbir keçirilib. 3250 nəfər mülki müdafiəyə və fövqəladə hallara hazırlanıb, 480 obyektdə 12 min 674 nəfərin iştirаkı ilə mааrifləndirici tədbir, 212 məktəbin dərs hissə müdiri və hərbi rəhbəri ilə tədris-metodiki toplantı keçirilib.
Hesabat dövründə 10 yаşаyış binаsının zirzəmisi təmir olunub, 27 binanın zirzəmisi təmizlənib. Əhali arasında dəm qazından zəhərlənmələrin qarşısını almaq məqsədilə ictimai yaşayış binalarının 463 mənzilində tüstü bacaları təmizlənib, 518 ümumi tüstü bacasının ətrafı metal torla bağlanıb. Qıvraq qəsəbəsində yeni tikilmiş yaşayış binasının zirzəmisinə Kəngərli rayonunun əhalisi üçün ayrılmış fərdi mühafizə vasitələri yığılıb.
Vurğulanıb ki, hesabat dövründə 469 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 32 texnoloji nəqliyyat vasitəsi, 212 qurğu dövlət reyestrində qeydiyyata alınıb, 158 qurğu sınaqdan keçirilərək sertifikatla təmin edilib, 17 kran, 16 kompressor və 22 hava balonu texniki müayinədən keçirilib, 106 sərnişin liftinin təhlükəsiz istismarına nəzarət edilib. 31 müəssisədə istifadə olunan radioaktiv mənbələr, rentgen aparatları və digər ionlaşdırıcı şüalanma mənbələri yоxlanılıb.
Nazir deyib: Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 1920 obyektdə əsaslı, 2217 obyektdə nəzəri, 788 obyektdə məqsədli yoxlamalar keçirilib, 488 obyektdə 14 min 472 nəfərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. Fərdi yaşayış evlərində reydlər keçirilərək qeyri-standart 108 ədəd elektrik, 189 şlanqla çəkilmiş qaz xəttinin və 98 ədəd qazla işləyən nasaz su qızdırıcının istismarı dayandırılıb. 183 yaşayış binasının qaztənzimləyici qurğularında, 115 yaşayış binasının pilləkən qəfəslərində və qaz sayğaclarında aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması təmin edilib.
Ot-taxıl biçini dövründə 139 kombayn, 11 un dəyirmanı və 2 yem anbarı yanğına qarşı yoxlanılıb, intensiv biçin aparılan sahələrdə yanğından mühafizə bölmələrinin patrul xidməti təşkil olunub.
Nazir qeyd edib ki, hesabat dövründə 91 tikinti obyektində yoxlama nəzarət funksiyaları həyata keçirilib, 45 tikinti obyektinin ərazisindən qrunt nümunələri götürülərək sınağı aparılıb. 54 obyektin işçi və layihə sənədləri ekspertizadan keçirilib, tikinti-quraşdırma işlərini aparan 1 obyektə lisenziya verilib, tikintisi başa çatdırılmış 47 obyektin istismara hazırlığı yoxlanılıb, laboratoriya şəraitində tikinti materiallarının 159 sayda nümunəsi sınaqdan keçirilib.
Məruzə ətrafında Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Ehtiram Məmmədov, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov, Mülki Müdafiə Alayının komandiri Azadil Hüseynov və Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Anar Həsənov çıxış ediblər.
Fövqəladə Hallar naziri Şamı Abdullayev kollegiya iclasına yekun vuraraq qarşıda duran vəzifələrdən bəhs edib. Sonda nazirliyin 2020-ci il üçün iş planı kollegiyanın qərarı ilə təsdiq olunub.